Naxçıvan Sahibkarlar Konfederasiyasının iclası olub
Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının 2023-cü ildə görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda konfederasiyanın sədri Vüqar Abbasov çıxış edərək bildirib ki, mütəmadi olaraq muxtar respublikaya investisiya axınının genişlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi və bu məqsədlə xarici ölkələrin rəsmi nümayəndələri və iş adamları ilə görüşlərin keçirilməsi diqqətdə saxlanılır. Ötən il bu məqsədlə “FAW Group Corporation” şirkətinin MDB və Asiya ölkələri departamentinin rəhbəri və nümayəndələri, Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan Yapon investisiya şirkəti “Tet İnternational Development” MMC-nin prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana səfərləri təşkil edilib. İşgüzar səfərlər bu şirkətlərin muxtar respublikanın biznes və investisiya imkanları ilə daha yaxından tanış olmaları üçün əlverişli şərait yaradıb.
Vurğulanıb ki, son 4 il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının və Naxçıvan Sahibkarlar Konfederasiyasının xətti ilə xarici ölkələrlə iqtisadi əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və uğurlu layihələrin imzalanması ilə də yadda qalıb. Türkiyənin İstanbul şəhərində keçirilmiş biznes forumunda, Macarıstan və digər ölkələrdə təşkil olunan görüşlərdə ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eyni zamanda kənd təsərrüfatı, qida sənayesi, sağlamlıq, informasiya və kommunikasiya üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Vüqar Abbasov diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən diyarımızın azad iqtisadi zonaya çevrilməsi mühüm hədəflərdən biridir. Bu məqsədlə Naxçıvanda xüsusi iqtisadi rejimin tətbiq edilməsi nəzərdə tutulur. Ötən ilin noyabr ayında idarə heyətinin və aid sahibkarların iştirakı ilə bu sahədə görüləcək işlərin müzakirəsi aparılıb. Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd olunub ki, ölkənin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar muxtar respublika iqtisadiyyatının inkişafında da yeni mərhələnin başlanmasını zəruri edir. Xüsusilə, Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi iqtisadi rejimin tətbiq olunması istiqamətində hazırlıqlar bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsini ön plana çıxarır. Müzakirə zamanı qəbul olunub ki, Naxçıvan iqtisadi rayonunda dayanıqlı sahibkarlıq və investisiya mühiti yaradılmaqla xarici və yerli investisiyaların cəlb edilməsi, iqtisadiyyatın səmərəliliyinin artırılması üçün xüsusi güzəşt və imtiyazlar mexanizminin formalaşdırılması, yaşıl iqtisadiyyatın inkişafı, şaxələndirilmiş ixrac potensialına nail olunması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər xüsusi iqtisadi rejimin tətbiq edilməsinə geniş imkanlar açacaq.
İclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planının icrasında nəzərdə tutulmuş məsələ 2024-cü ilin iş planına daxil edilib və təsdiq olunub.
Sonra müzakirələr aparılıb, təkliflər dinlənilib.