ASK-nın vitse-prezidenti XII Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edib
2024-cü il fevralın 28-də Stavropol diyarında XII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun iştirak etdiyi tədbir “MinvodyEXPO” sərgi mərkəzində baş tutub.
Forumda Rusiya və Azərbaycanın işgüzar dairələrinin və hakimiyyət orqanlarının 400-ə yaxın nümayəndəsi iştirak edib. Forumun təşkilatçıları Rusiya Federasiyasının və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirlikləri olublar.
XII Rusiya-Azərbaycan Forumunun iştirakçıları üçün geniş işgüzar proqram hazırlanıb: işgüzar sessiya keçirilib, tematik dəyirmi masalar açılıb, əməkdaşlıq müqavilələri imzalanıb.
Həmçinin forumda Rusiya Federasiyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu plenar iclasda Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov çıxış edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına və Azərbaycanın qeyri-neft məhsullarının ixracında Rusiya bazarının önəmini qeyd edib.
V.Zeynalov Rusiya ilə Azərbaycanın işgüzar nümayəndələrini təmsil edən Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Rusiyanın “Delovaya Rosiya” və “Opora Rosii” təşkilatları arasında sazişlərin olduğunu vurğulayaraq, əməkdaşlıq imkanlarının daha geniş olduğuna diqqət çəkib.