Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Dövlət Gömrük Komitəsi arasında görüş keçirilib
Azərbaycan Sahibkarlar Konfederasiyası və Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasının iclası keçirilib. İclasa Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov həmsədrlik ediblər.
Görüşdə sahibkarlar tərəfindən bəzi məsələlər qaldırılıb. Xüsusən də ƏDV-nin məhsulun realizasiyası zamanı ödənilməsi, AQTA sertifikatı olmadan gömrük rəsmiləşdirilməsi ilə əlaqədar yaranan çətinliklər, qısa idxal bəyannamələri ilə bağlı yüksək cərimələrin əlavə yükə səbəb olduğu qeyd edilib. Həmçinin gömrük rəsmiləşdirilməsi zamanı ekspertiza müddətinin çox vaxt alması, nəticədə yükün sərhəddə ləngiməsi, əlavə logistik və saxlanma kimi xərclərin artmasına səbəb olduğu vurğulanıb. Sahibkarlar hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində ödənilməsi müddətinin 1 ilə uzadılmasını da təklif ediblər.
Dövlət Gömrük Komitəsinin nümayəndələri qaldırılan hər bir məsələyə həssas yanaşaraq, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı qanun çərçivəsində sahibkarlara dəstək verməyə hazır olduqlarını qeyd ediblər. Eyni zamanda qərara alınıb ki, təkliflər üzrə müzakirələrin aparılması və iqtisadiyyatın inkişafı üçün birgə səyləri gücləndirmək məqsədilə işçi qrupu yaradılsın.
Müzakirələr zamanı İkitərəfli Əməkdaşlıq Şurasının rübdə bir dəfə görüşməsi də məqbul hesab edilib.