Naxçıvan Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
06 aprel 2024-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsində Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası sədri və üzvləri, eləcə də digər xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilmişdir.
Tədbirdə açılış nitqi edən Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev gömrük nəzarətinin risklərin avtomatlaşdırılmış idarə edilməsi sistemi vasitəsilə həyat keçirilməsinin, malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinin, gömrük qaydalarına könüllü riayət edən şəxslərə əlverişli şərait yaratmaqla sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının və məmur-vətəndaş təmasını minimuma endirməklə şəffaflığın artırılmasının təmin edilməsindən danışmışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov çıxış edərək bildirmişdir ki, son dövrlərdə gömrük işində xidmət səviyyəsinin və keyfiyyətinin artırılması istiqamətində aparılan yeni islahatlar sahibkarların da işlərinin asanlaşmasına müsbət töhvələrini vermişdir.
Naxçıvan Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti kapitanı Rəşad Bayramov “Gömrük İNKİŞAF Modeli” haqqında danışmış, “Gömrük İNKİŞAF modeli” 7 əsas komponenti, tətbiq edilən, icrası davam edən və planlaşdırılan layihələr haqqında geniş izah vermişdir. Ardınca “Smart-Bot” mobil tətbiqi haqqında danışaraq, tətbiqin vətəndaşlara 24 saat xidmət edən elektron gömrük bələdçisi olduğunu qeyd etmişdir. Sonra hər iki yeni layihəyə aid videoçarxlara baxılmışdır.
Naxçıvan Baş Gömrük Idarəsinin Rəsmiləşdirmə mərkəzinin rəisi, gömrük xidməti kapitanı Rza Rzalı Yaşıl Dəhliz Buraxılış Sistemi haqında çıxış edərək onun məqsədi və üstünlüklərindən danışmış, sahibkarları bu sistemdən istifadəyə dəvət etmişdir.
Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti kapitanı Heydər Səmədli gömrük rəsmiləşdirilməsi zamanı aşkarlanmış hüquqpozma faktları barədə məlumatlar vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.