“Panama günlərində” ASK Rəyasət Heyətinin üzvü çıxış etdi
2-3 may tarixlərində Hilton oteldə Panamanın Azərbaycandakı səfirliyinin və “ProPanama” şirkətinin təşkilatçılığı ilə “Panama günləri” keçirilib. Tədbirdə Azərbaycan Sahibkar Konfederasiyasının Rəyasət heyətinin üzvü Ruslan Quliyev çıxış edib.
Tədbiri açıq elan edən Panamanın Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda Türkiyədəki səfir və iqamətgahı Ankarada yerləşir) Mariela del Karmen Sagel Rosa iki ölkə arasında əlaqələrdən və gələcək əməkdaşlıq imkanlarından danışıb. Səfir Panama limanında türk dövlətlərinə məxsus anbarın yaradılması imkanından bəhs edib. O, Panama kanalının üstünlükləri, bütün dünya üçün əhəmiyyəti, İstanbuldakı mühüm dəniz konsulluğunun xidmətləri haqqında məlumat verib.
Daha sonra Panamanın İstanbuldakı Konsulu Abraham Segovia bildirib ki, Azərbaycan vətəndaşlarının viza prosesləri İstanbuldakı Konsulluqdan aparılır, ancaq yaxın zamanda Bakıdan da viza müraciətlərinin qəbul edilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə danışıqlar aparılır.
Tədbirdə çıxış edən ASK Rəyasət heyətinin üzvü Ruslan Quliyev Konfederasiya, onun üzvləri, “Turizm və xidmət üzrə iş komissiyası”nın fəaliyyəti haqqında iştirakçılara və təşkilatçılara məlumat verib. O, Azərbaycanın turizm potensialı, sağlamlıq, idman, ekoloji və digər turizm növlərinin sürətli inkişafında bəhs etmiş, bu istiqamətdə ölkədə qanunvericiliyin gücləndirilməsi üçün aparılan islahatlar haqqında təqdimat edib.