Əhalinin maliyyə savadlılığı artırılacaq
Son vaxtlar manatın məzənnəsinin ABŞ dollarına nisbətdə ucuzlaşması əhalinin banklara olan inamına müəyyən təsir göstərdi. Dünya BankıQrupunun üzvü olanIFC ölkədə əhalinin boclanma səviyyəsinin qarşısını almaq istiqamətində bankların yeni layihələrə imza atmasını məqsədəuyğun hesab edir. Dünya Bankının Azərbaycandakı nümayəndəliyində əhalinin maliyyə savadlığının artırılması istiqamətində maraqlı təkliflər səsləndirilib. Dünya bankının təşkilatçılığı ilə keçirilən dəyirmi masada maliyyə institutları və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri iştirak edərək, bu sahədəki mövcud vəziyyəti müzakirə ediblər.
Beynəlxalq ekspertlər bildiriblər ki, ötən ilAzərbaycanda 1022 nəfər respondent arasında tədqiqat apararaq, əhalinin maliyyə savadlılığı ilə bağlı vəziyyəti araşdırıblar. Sorğular zamanı məlum olub ki, 7% şəxs pulunu ehtiyatla xərcləməklə gələcək hədəfləri üçün qənaət edir, qalanlarının gəlirləri isə ancaq xərclərini ödəyir.
Ekspertlər Tacikistanda həyata keçirdikləri layihədən söhbət açıb bildiriblər ki, 1 il əvvəl Tacikistanda bu layihənin icrasına başlayıblar. Təlimin əsas məqsədi kənd yerlərində təlimçilərin hazırlanması, kredit işçiləri üçün müəyyən tədbirlərin keçirilməsi olub.
Daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Natəvan Məmmədova bu sahədə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı danışıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının ölkəmizdə maliyyə savadlılığını təmin etmək sahəsində ən çox maraqlı olan qurumlardan biri olduğunu dilə gətirib.
N.Məmmədova xüsusi olaraq vurğulayıb ki, son zamanlar bütün dünyada əhalinin maliyyə savadlılığının aşağı səviyyədə olması ilə bağlı narahatlıqlar getdikcə artmaqdadır. Davam etməkdə olan maliyyə böhranı şəraitində dünya ictimaiyyəti tərəfindən maliyyə savadlılığı zəruri məsələlərdən biri kimi dəyərləndirilir, maliyyə iqtisadi sabitliyin və inkişafın vacib elementi kimi qəbul edilir. Həmçinin o da qeyd olunub ki, gənc vətəndaşların maliyyə savadlılığının artırılması bank-maliyyə sektorunun inkişafında mühüm əhəmiyyət daşımalıdır. Bu məqsədlə uşaqlar pul resursları ilə davranışları və puldan səmərəli istifadəni artıq erkən yaşlarında mənimsəməlidirlər. Son illərdə uşaqlar və geniş əhali arasında maliyyə və sosial təhsil imkanlarının artırılması, məktəblilərə maliyyənin idarəedilməsi, vəsait yığımı, pulun düzgün planlaşdırılması və xərclənməsinə dair lazımi bilik və bacarıqların aşılanmasına xüsusi diqqət yetirilir.
Sonda isə tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb və təkliflər müzakirə edilib.
Günel Yusifqızı