- This event has passed.
Çində Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəliyinin açılması təklif olunub
Mart 3, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Çin xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin iqtisadiyyat və kommersiya ofisinin rəhbəri, müşavir Yuy Hunçi ilə görüşüb.
Çinli qonaqlara Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verən M.Musayev bildirib ki, bu gün Azərbaycan və Çin arasında çoxtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Görüşdə Konfederasiyanın fəaliyyətindən və son vaxtlar həyata keçirdiyi layihələrdən söhbət açılıb. ASK-nın prezidenti bildirib ki, indiyədək Azərbaycan Sahibkarlar Konfederasiyası ilə və Çinin özəl sektorunu təmsil edən qurumlar arasında bır sıra görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə edilmişdir. Gələcəkdə də iki təşkilat, həmçinin iki ölkə arasında mövcud əlaqələrin, iqtisadi-ticarət münasibətlərinin genişlənməsinin vacibliyi dilə gətirilib. Qeyd olunub ki, mövcud potensialdan istifadə etməklə, iki ölkənin özəl sektorunu təmsil edən təşkilatlar arasında əlaqələri daha da inkişaf etdirmək üçün real imkanlar var və Konfederasiya buna hazırdır. ASK-nın Çinin Urumçi və Çunsin Ticarət Palataları ilə əməkdaşlıq müqavilələri mövcuddur. Bu əməkdaşlıqdan irəli gələrək xeyli sayda iş adamı Azərbyacan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Çinin Urumçi şəhərində keçirilən müxtəlif sərgilərdə iştirak etmişlər. Gələcəkdə mərkəzi regionlarlarla əməkdaşlıq genişlənərsə, bu da Azərbaycanda özəl sektorun inkişafına öz tövhəsini verər.
Çin xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin iqtisadiyyat və kommersiya ofisinin rəhbəri, müşavir Yuy Hunçi isə son illər ərzində Azərbaycanın qazandığı iqtisadi uğurların ölkəsinin diqqət mərkəzində olduğunu, xüsusilə də Orta Asiya və Post Sovet ölkələrində milli valyutaların devalvasiyası gedən zaman müşahidə olunan ,lakin Azərbaycanda manatın məzənnəsinin sabit saxlanmasını fərəhli hal hesab edib.
Yuy Hunçi Çin və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra daha sürətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb. Yuy Hunçi deyib ki, iş adamları yaradılmış əlverişli imkanlardan yararlanmaqla əlaqələrini daha da genişləndirməli, hər iki ölkədəki böyük potensialdan səmərəli istifadə etməlidir. Qonaq Azərbaycan Sahibkarlar Konfederasiyası ilə mövcud əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını, iki ölkənin iş adamlarının birgə əməkdaşlığı üçün səylərini artıracaqlarını bildirib.O qeyd edib ki, nəinki Çində təşkil edilən sərgilər, toplantılar, o cümlədən Azərbaycanda da biznes forumlar, görüşlər keçirməyi planlaşdırırlar.
ASK-nın bir neçə ölkədə nümayəndəliyinin açıldığını yüksək qiymətləndirən Yuy Hunçi Konfederasiyanın Çində nümayəndəliyinin açılmasının da arzuolunduğunu qeyd edib.
Görüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, tekstil və turizm və s. sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılmışdır. Bildirilmişdir ki, Azərbaycan və Çin biznes dairələri arasında investisiya əlaqələrinin genişləndirilməsinə dəstək göstəriləcəkdir.