- This event has passed.
Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb
Yanvar 23, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4
Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib.
Səfir təyin olunması münasibəti ilə Erkan Özoralı təbrik edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan-Türkiyə arasındakı iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar haqqında məlumat verib. Ölkəmizdə kifayət qədər tanınmış Türkiyə şirkətlərinin fəaliyyət göstərdiyini deyən M.Musayev iki ölkənin iş adamlarını üçüncü ölkələrə çıxmaq potensialının böyük olduğunu səfirin diqqətinə çatdırıb. M.Musayev bundan sonra iki ölkə arasında aqrar, turizm sektorunun inkişafı istiqamətində əməkdaşlığın vacibliyinə də diqqət çəkib.
Azərbaycan-Türkiyə sahibkarları arasında gələcəkdə digər ölkələrlə əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr səfirin marağına səbəb olub.
Erkan Özoral iki ölkə arasındakı mövcud iqtisadi münasibətlərin bundan sonra da inkişaf etdirilməsində də maraqlı olduqlarını ifadə edib. Səfir gələcəkdə iqtisadi islahatların həyata keçirilməsində, özəl sektorun inkişafı istiqamətində Türkiyə təcrübəsindən yararlanmağı tövsiyyə edib. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə dair də vəd verib.
Daha sonra iki ölkənin özəl sektoru arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair razılığa gəlinib.