Mərakeşlə ticarət əlaqələrimiz genişləndiriləcək
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx (Mohamed Adil Embarch) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın prezidenti Məmməd Musayevlə görüşündə Azərbaycan və Mərakeş arasındakı iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib.
ASK-nın prezidenti Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar haqqında məlumat verib. Daha sonra Azərbaycan- Mərakeş iqtisadi əməkdaşlığının, xüsusilə də özəl sektorun müxtəlif istiqamətləri üzrə genişləndirilməsinin vacibliyindən söhbət açib. İki ölkənin iş adamları arasında əməkdaşlıq əlaqələrin genişləndirilməsini məqsədəmüvafiq hesab edən M.Musayev ticarət əlaqələrinin inkişafı üçün böyük perspektevlər olduğunu da qeyd edib. Mərakeş şirkətlərini birgə əməkdaşlıqda daha fəal olmağa dəvət edib, birlikdə qonşu ölkələrin bazarlarına çıxmağın faydalı olacağını da səfirin diqqətinə çatdırıb. Bildirib ki, iqtisadi əlaqələrin inkişafında Azərbaycan Sahibkarlar Konfederasiyası öz imkanlarını səfərbər etməyə hazırdır. Mərakeş vətəndaşlarını Azərbaycana həm investisiya yatırmağa, həm də turist gəzintisinə dəvət edib. Azərbaycan-Mərakeş sahibkarları arasında gələcəkdə müxtəlif biznes forumların təşkil edilməsi məqsədəmüvafiq hesab olunub. Görüşdə ölkəmizdə aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi, pambıq,tütün, fındıq və s. kimi kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətli olduğu istisna edilməyib.
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx bildirib ki, xalqlarımız arasında müxtəlif ənənələr, mədəniyyət baxımından oxşarlıqların olması iki ölkə arasında qırılmaz əlaqələrin inkişafına əminlik yaradır. Mərakeşin dünyada ən geniş azad ticarət şəbəkəsinə malik ölkə olduğunu deyən səfir hər iki ölkə üçün ticarət və ikitərəfli investisiyalar baxımından inkişafı üçün yüksək poensial olduğunu da qeyd edib. İki ölkə arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsində də maraqlı olduqlarını ifadə edən səfir ölkələrimiz arasında nəinki siyasi, həmçinin dostluq, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Bildirib ki, Mərakeşdə alternativ enerji sahəsinə böyük vəsait xərclənir, 2030-cu ilədək ölkənin 52%-ni alternativ enerji ilə təmin etməyi planlaşdırırlar. Təmsil etdiyi ölkənin bu sahədə əldə etdiyi böyük təcrübəni Azərbaycanla paylaşmağa hazır olduqlarını qeyd edən diplomat iki ölkənin özəl sektoru arasında əməkdaşlığın daha da genişləndirilməsinin xususilə əhəmiyyəti olacağını da istisna etməyib. Bu məqsədlə də özəl sektorun inkişafına dəstək olacaq layihələrin, bu sahədə ixtisaslaşmış Mərakeş şirkətlətinin təcrübəsindən yararlanmağı tövsiyyə edib. İş adamları arasında qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına təkan yaradacağına əminliyi qeyd olunub. .”Azərbaycan – 2020″ və iqtisadiyyatın şaxələndirilməsi proqramlarını uğurlu addım kimi qiymətləndirib. Bildirib ki, gəlirlərin iqtisadiyyatın müxtəlif istiqamətlərinə yönəldilməsi gələcəkdə öz müsbət bəhrəsini verəcək.
Daha sonra Mərakeş şirkətləri ilə yerli sahibkarlar arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair razılğa gəlinib.