- This event has passed.
İndoneziya sahibkarları Azərbaycana sərmayə qoymaqda maraqlıdır
Avqust 9, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
İndoneziyanın Orta Yava Əyalətinin Ticarət və Sənaye Palatasının sədr müavini cənab Vitjaksono ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Görüş zamanı Azərbaycan sahibkarları ilə Orta Yava əyalətinin işgüzar dairələri arasında müxtəlif sahələrdə əməkdaşlığın mümkün yolları və sərmayə imkanları müzakirə olunub. Konfederasiyanın prezidenti cənab Musayev qeyd edib ki, Azərbaycan hökuməti istər neft-qaz, istərsə də qeyri-neft sektorunun ayrı-ayrı sahələri üzrə İndoneziya ilə əməkdaşlıqda maraqlıdır. Cənab Vitjaksono oktyabr ayında İndoneziyada keçiriləcək ticarət sərgisi barədə məlumat verib və azərbaycanlı sahibkarları bu böyük miqyaslı tədbirdə iştiraka dəvət edib. ASK ilə Orta Yava Əyalətinin Ticarət və Sənaye Palatası arasında “Əməkdaşlıq barədə Anlaşma Memorandumu” imzalanıb. Memoranduma əsasən, Azərbaycan və Orta Yava əyaləti arasında ticarət, turizm, sənaye və investisiyalar sahəsində işgüzar əlaqələrin inkişafına dəstək vermək, Azərbaycan və Orta Yava əyalətində ticarət bazarının inkişafı, təşviqi və genişləndirilməsi məqsədilə Kiçik və Orta Müəssisələrə yardım göstərmək istiqamətində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur.