Azərbaycan standartlarının 40 faizdən çoxu beynəlxalq standartlara uyğunlaşdırılıb
Oktyabrın 16-da “Standartlar şəhərləri daha dayanıqlı edir” devizi altında Beynəlxalq Standartlaşdırma Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədr müavini Niyazi RəhimovAzərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə qarşıda duran əsas vəzifələrini sadalayıb. O deyib ki, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirmək məqsədilə işlər aparılmaqdadır. Komitə sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, prioritet sənaye və aqrar sahələrinin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılmasına və ixrac imkanlarının gücləndirilməsinə yönəlib.
Niyazi Rəhimov hazırda milli standartlaşdırma sisteminin işində özəl sektorun daha da aktiv iştirakının təmin edilməsi və ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin rəqabətqabiliyyətinin artırılması məqsədilə işlərin aparıldığını, beynəlxalq təcrübəyə əsasən “Texniki tənzimləmə” və “Standartlaşdırma” haqqında yeni qanun layihələrinin hazırlandığını, aidiyyəti üzrə təqdim edildiyini bildirib.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru v.i.e. Namiq Tağıyev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, institut standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir. Namiq Tağıyevin sözlərinə görə, beynəlxalq təcrübəni nəzərə almaqla hazırlanmış “Standartlaşdırma haqqında” Qanun layihəsində məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması, texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, standartların icrasının isə könüllü xarakter daşıması, məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin onların risk qrupları üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi və yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması ilə bağlı müddəalar öz əksini tapıb.
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov çıxışında sahibkarlar üçün standartlaşdırmanın, xüsusən də ixrac-idxal əməliyyatlarında sertifikatlaşdırmanın vacibliyi və s. kimi məsələlərin önəmindən söhbət açıb. O bildirib ki, gələcəkdə standartların hazırlanmasında dövlət-özəl münasibətlərinin daha da inkişafızəminində sahibkarların mövqeyini öyrənmək faydalı ola bilər.
Tədbirdə ABAD-ın direktoru Rüfət Elçiyev, Sumqayıt Texnologiyalar Parkı MMC-nin İstehsalat üzrə direktoru İdris Mustafayev və digər qonaqlar çıxış edərək qeyri-neft ixrac potensialının artırılması istiqamətində texniki tənzimləmə və standartlaşdırmanın rolunu vurğulayıblar.