- This event has passed.
ASK-da Ulu öndərin anım günü keçirildi
Dekabr 11, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Heydər Əliyevin xatirəsinə anım mərasimi keçirib. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışıb. Məmməd Musayev qeyd edib ki, Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər ulu Öndərimizin adı ilə bağlıdır.
Sonra ASK-nın Baş Katibinin müavini Fuad Hümbətov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat yolu, Azərbaycan dövləti və dövlətçiliyinin möhkəmlənməsində, “Azərbaycançılıq” məfkurəsinin bərqərar olmasında, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasında, o cümlədən beynəlxalq əlaqələrimizin inkişafında xidmətlərindən bəhs edib. Fuad Hümbətov bildirib ki, ulu öndərin rəhbərliyi dövründə bütün daxili və xarici təzyiqlərə baxmayaraq, ölkəmizin dünya birliyində nüfuzu gündən-günə artmış, dövlətimiz beynəlxalq və regional siyasətin həyata keçirilməsində getdikcə daha fəal iştirak etmişdir. Bütün bunlarla yanaşı, əvvəlki dövrlərdən bəzi sahələrdə mövcud olmuş çatışmazlıqlar tam aradan qaldırılmış, dövlət nəzarəti sahəsində həyata keçirilən islahatlar davamlı olmuşdur. Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. O qeyd etmişdir ki, sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaq, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilmiş iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda güclü sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
ASK-nın baş məsləhətçisi Bəxtiyar Ağayev Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmış, Ümummilli liderin ideyalarının ölkə prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini, uğurla idarə olunan ölkəmizin məhz ulu öndərin məqsədyönlü siyasətinin təcəssümü olduğunu bir daha vurğulamışdır.