- This event has passed.
“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyası ilk iclasını keçirib
İyul 21, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
Son vaxtlar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində yaradılmış 16 komissiyanın fəaliyyətini daha da canlandırmaq üçün müvafiq tədbirlər görülür. Hər bir komissiyanın üzvləri ayda bir dəfədən az olmayaraq Konfederasiyanın, ya da komissiya sədrinin ofisində toplaşaraq sahələr üzrə mövcud vəziyyəti, normativ sənədləri, nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün həll yollarını müzakirə edirlər.
“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının ilk iclası da “Xəyal Adası”nda keçirildi.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov bildirib ki,son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində dövlət proqramları, iri infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının inkişafı üçün zəruri tədbirlər görülür. Aqrar sahənin inkişafı isə bu gün real əhəmiyyət kəsb edir. Azərbaycan Sahibkarlar Konfederasiyası da bu sahədə fəaliyyət göstərən komissiyanın işinin yenidən canlandırılmasını diqqət mərkəzində saxlayır. V.Zeynalov qeyd edib ki, “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyası ASK-nın Rəyasət Heyətinin qərarı ilə yaradılıb. Komissiyanın əsas işi sahibkarların problemlərinin həll edilməsi, onların maarifləndirilməsi ,regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün iş adamlarının təşkilatlanması kimi məsələləri əhətə edir.
Komissiyanın işinin daha da fəallaşdırılması üçün quruma “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəlin sədrlik etməsini təklif edib.Təklif səsə qoyularaq qəbul edilib.Daha sonra komissiya sədrinin müavinləri seçilib. “Karat Holdinq” –in icraçı direktoru Taleh Qasımov, “Ritm Group” direktoru Gündüz Aslanov, “Buta Group”-un baş meneceri Bəşir Quliyev komissiya sədrinin müavinləri təsdiq olunublar.
Konfederasiya ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl indiyədək Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi tədbirlərdə “Azərsun Holdinq”in əməkdaşlarının həvəs və maraqla iştirak etdiklərini bildirib. Qeyd edib ki, “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının ölkə iqtisadiyyatı, xüsusilə də kənd təsərrüfatı sahəsində xüsusi xidmətlər göstərəcəyinə inanır. O, rəhbərlik etdiyi holdinqin bu işə əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu komissiya qısa müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsal və ixrac edən müəssisələri öz ətrafında toplaya bilsə, bu sahədə mühüm məsələlərin müzakirəsinə başlamaq olar. Daha sonra konfederasiya aqrar sahədə mövcud problemləri hökumətə təqdim edə bilər.
Görüşdə iştirak edən komissiya üzvləri də maraqlı təkliflər səsləndiriblər.
Tərəflər qısa müddətdə komissiyanın bütün sənədlərini birgə müzakirə edərək, vahid proqramın hazırlanması barədə razılığa gəliblər.