skip to Main Content

Yeni komissiya yaradılıb

Yeni Komissiya Yaradılıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın ilk iclası keçirilib. İclasda ölkənin bu sahədə  fəaliyyət göstərən aparıcı şirkətlərinin rəhbərləri iştirak ediblər.

Cari il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının ölkədə özəl sektorun inkişafı istiqamətində  böyük öhdəlikləri olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev  yeni yaradılan komissiyanın işinə  uğurlar arzuladı. Bildirdi ki, komissiyanın tərkibinə nəzər saldıqda  görünür ki, bu komanda gələcəkdə öz işlərini günün tələblərinə uyğun  quracaq, ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atacaqdır.

İclas zamanı komissiyanın əsasnaməsinin ilkin layihəsi müzakirə edildi və  bir çox  maraqlı təkliflər səsləndirildi. Daha sonra  komissiyanın tərkibi təsdiq olunaraq, komissiyanın sədri və katibi seçildi. “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın sədri vəzifəsi “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Xəlil oğlu Ələkbərova həvalə olundu.

“Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov  ona göstərilən etimada görə iclas iştirakçılarına öz təşəkkürünü bildirdi.  İsmayıl Ələkbərov dedi ki, Azərbaycanda rabitə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensial mövcuddur. O həmçinin, komissiyann qarşısında duran vəzifələrdən də söhbət açdı. Bildirdi ki,  ölkəmizdə rabitə və İKT sahəsində fəaliyyət göstərən şirkətlərinin maraqlarının əlaqələndirilmiş formada təmsil etmək, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərinin xarici ölkələrə ixracının təşviq edilməsi əsas istiqamətlərdən biri olacaqdır. İsmayıl Ələkbərov qeyd etdi ki, sözügedən komissiya rabitə və İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin maraqlarını təmsil etməklə yanaşı, bu sahədə özəl sektorun inkişafı, milli məhsulların xarici ölkələrdə təşviq edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərəcəkdir.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclasındə “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın yaradılması  qərara alınmışdır.

 

Back To Top