- This event has passed.
Ulu öndərin xatirəsi yad olundu
Dekabr 11, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4
Ümummilli liderimiz Heydər Əliyevin vəfatından 12 il ötür. Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsi xalqımız tərəfindən hər an yad edilir və xatırlanır. Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında da mərhum prezident Heydər Əliyevin anım günü qeyd olunub. Mərasimdə bildirilib ki, ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını uca tutmuş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələri daim önə çəkmişdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov tədbiri açaraq dövlət xadimi, siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki önəmli rolundan söhbət açıb. V.Zeynalov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca hər zaman yaşayacaq.
ASK-nın Baş katibinin müavini Mehman Mehmanov isə Heydər Əlyevin Azərbaycan dövlətinin inkişafında oynadığı tarixi roldan, ölkəmizin gələcəyi naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O, bildirib ki, Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə gərgin iş aparılmış, böyük səy göstərilmişdir. M.Mehmanov qeyd edib ki. bu 12 ildə Heydər Əliyev siyasəti yaşadı və ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Azərbaycan böyük inkişaf yolu keçdi.Qeyd olundu ki, Azərbaycan xalqı Heydər Əliyev siyasəti ətrafında, onun ideyaları ətrafında daha da sıx birləşib.
ASK-nın baş məsləhətçisi Adil Qurbanov da ulu öndərlə bağlı xatirələrini dilə gətirərək, ümummilli liderin uzaqgörən siyasətçi olması ilə yanaşı, Azərbaycan dilinin inkişafı üçün həyata keçirdiyi tədbirləri də iştirakçıların diqqətinə çatdırıb.
Sonda Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Günel Yusifqızı