Azərbaycan Sahibkarlar Konfederasiyasında seminar keçirilib
08 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası (İşəgötürənlər) Sahibkarlar Təşkilatlar Milli Konfederasiyasının təşkilatçılığı ilə Belarus Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü Yaroslav Romanbukun Azərbaycana səfəri çərçivəsində onun iştirakı ilə “Əlverişli biznes mühitin yaradılmasında Belarus təcrübəsi. Vəkillik dərsləri” mövzusunda seminar təşkil olunub. Qeyd edək ki, Yaroslav Romanbuk həmçinin “Strategiya” analitik mərkəzinin rəhbəridir.
Seminar iki sessiyadan ibarət olmaqla əsas müzakirə mövzuları qismində “Doing Business” hesabatında Belarusun yüksəlişi, biznes assosiasiyaların, ictimai birliklərin, elmi – analitik mərkəzlərin rolu, kiçik və orta sahibkarlığın inkişafında dövlətin dəstəyi, bu istiqamətdə mövcud qanunvericilik bazası, tətbiq olunan dövlət proqramları və onların səmərəliliyi, KOS-ların inkişafında maliyyə mənbələri və şərtləri, mülkiyyətin qeydiyyatı, antiinhisar rejiminin tənzimlənməsi və s. kimi məsələləri əhatə edib. Bununla yanaşı Belarus Respublikasının Vergi Məcəlləsində düzəlişlər edilməsi üzrə işçi qrupunun (2018-ci il fevral ayından günümüzə qədər), 2030-cu ilə qədər Belarusda Sahibkarlığın İnkişafı Strategiyası üzrə işçi qrupunun fəaliyyətləri haqqında məlumat verildi. Bununla yanaşı, Belarus və Azərbaycan iqtisadiyatının inkişafı müstəvisində oxşar və fərqli çəhətlər seminar iştirakçılarının diqqətinə çatdırılıb. Seminarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri, Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva, Meyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA), Azad İstehlakçılar birliyinin və bir çox ictimayi birliklərin nümayəndələri iştirak ediblər.