skip to Main Content

AMEA Texnologiyalar Parkına biznes tur təşkil olunub

AMEA Texnologiyalar Parkına Biznes Tur Təşkil Olunub

 Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkına 6 noyabr, 2018-ci il tarixində biznes tur təşkil olunub. AMEA və “Caspian European Club” -ın təşkilatçılığı ilə keçirilən turda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katib əvəzi Kristina Məmmədova, “Caspian European Club”ın baş icraçı direktoru Telman Əliyev, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) üzvləri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov rəhbərlik etdiyi parkın fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, tur Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə Caspian European Club-ın noyabrın 1-də təşkil etdiyi biznes-forumun yekunu əsasında keçirilib.

N.Şükürov bildirib ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi ilə yaradılmışdır.

Qonaqlar “YT Park”nın rezidenti olan “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksində mühərrik  və sürtkü yağlarının istehsalı üçün nəzərdə tutulan sahə və ofis kompleksi ilə tanış olublar. “YT Park”ın fəaliyyəti, rezidentləri və onların istehsal edəcəkləri məhsullar haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, şirkət avtomatik transmissiyalar, sükan hidrogücləndiricisi, əyləc üçün yüksək keyfiyyətli mayelər və digər məhsullar istehsal edir. Texnologiya parkının rezidentləri üçün bir sıra vergi və gömrük güzəştləri ilə yanaşı, xüsusi imtiyazların nəzərdə tutulduğunu deyən N.Şükürov sahibkarları bu imkandan yararlanamağa dəvət edib.

“YT Park”da rezidentlər üçün yaradılan şəraitdən məmnunluğunu bildirən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “YT Park”ının böyük iqtisadi potensiala və üstünlüklərə malik olduğunu qeyd edib. Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirdi ki, Latviya əczaçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük təcrübəyə və yüksək texnologiyaya malikdir. Gələcəkdə AMEA ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayan səfir bildirib ki, Latviya şirkətlərinin “YT Park”-ına rezident kimi cəlb olunması üçün Latviya şirkətlərinin nümayəndələri ilə  danışıqlar aparacaq.

Back To Top