skip to Main Content

Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub

Azərbaycanlı Sahibkarlar Rumıniyaya Investisiya Yatırmağa Dəvət Olunub

Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Beynəlxalq Biznes Forumun ASK tərəfindən yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirən səfir qeyd edib ki, Forumda ASK ilə Rumıniyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumunun imzalanması iki ölkənin biznes təşkilatları arasında əlaqələrin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Anlaşma  Memorandumuna əsasən, yaradılan Biznes Şuranın iki ölkənin biznes icması arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edən səfir Komissiyanın növbəti iclasının 22-23 noyabr tarixlərində Buxarestdə keçiriləcəyini bildirib.

Rumıniyanın Azərbaycandakı Səfirliyi ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin, xüsusən də iqtisadi və ticari əlaqələrin xalqlarımızın qarşılıqlı fayda və rifahı naminə inkişaf etdirilməsində çox dərindən iştirak edir” deyə səfir bildirib.

Səfir qeyd edib ki, Rumıniya hökuməti  ölkəyə xarici investorları cəlb etmək üçün Dövlət-Özəl Tərəfdaşlıq İnvestisiyalar Milli Proqramını təşviq edir. Milli Proqram  çərçivəsində Rumıniyada  magistral avtomobil yolların, yüksək sürətli dəmir yolu  və metro xətlərinin, regional xəstəxanaların, limanların, hidroelektrik stansiyaların, dağ xizək komplekslərinin, hava limanının və milli maraq kəsb edən digər  infrastruktur layihələrin inşası nəzərdə tutulub. Azərbaycanın yol-inşaat və digər infrastruktur layihələrində böyük  təcrübəyə malik olduğunu  qeyd edən səfir azərbaycanlı investorları bu proqrama qoşularaq, Rumıniyaya investisiya yatırmağa dəvət edib.

Rumıniyanın Azərbaycan üçün dost ölkə olduğunu qeyd edən Məmməd Musayev iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlardan danışan M.Musayev bildirib ki, Dünya Bankı Qrupunun açıqladığı “Doing Business-2019” hesabatına əsasən Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və  dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Yeni hesabatda Azərbaycanın mövqeyinin  yaxşılaşması münasibəti ilə təbriklərini çatdıran diplomat bildirib ki, bu nəticələr başqa ölkələrdən biznes tərəfdaşların tapılması üçün faydalıdır və  xarici sahibkarlarda Azərbaycan bazarı haqqında daha aydın bir təsəvvür yaradacaq.

Back To Top