ASK-nın Baş katibinin müavini Özbəkistanda BƏT-in beynəlxalq konfransında iştirak edib
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibinin müavini Fuad Hümbətov 14 dekabr 2018-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdədir. Səfər çərçivəsində F. Hümbətov Daşkənddə keçirilən 3 beynəlxalq tədbirlərdə iştirak etmişdir.
İlk tədbir Özbəkistan hökuməti və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dünyanın 10 ölkəsindən olan sosial tərəfdaşların iştirakı ilə təşkil edilmiş “Əmək sferasının gələcəyi: BƏT-in 100 illiyi astanasında layiqli əməyin təyin edilməsi üzrə təşəbbüslər” adlı beynəlxalq konfransdan ibarət olmuşdur. Tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, BƏT-in Baş katibi Qay Rayder, digər rəsmi şəxslər və sosial tərəfdaşların nümayəndələri iştirak ediblər.
Konfransın gedişatı zamanı ASK Baş katibinin müavini Fuad Hümbətov BƏT-in baş direktoru Qay Rayderlə, Özbəkistan Ticarət və Sənaye Palatası sədri Adham İkramov, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Adem Kula, Türkmənistan Ticarət və Sənaye Palatası sədrinin müavini Dövletgeldi Recepov, Qırğızıstan Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev və digər rəsmi şəxslərlə görüş keçirmişdir. Cənab Q. Rayderlə görüş zamanı ASK prezidentinin salamları şəxsən çatdırılmışdır. BƏT-in Baş direktoru bu ilin may ayında Azərbaycanda yüksək səviyyədə təşkil edilmiş analoji konfransdan memnunluğunu ifadə etmiş, işəgötürənlər təşkilatlarının bir çox ölkələrdə rolunun yüksəldiyini bildirmişdir.
Türkmənistan Ticarət və Sənaye Palatası sədrinin müavini D.Recepov bu ilin dekabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanmış mühüm sənədlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlığa böyük təkan verəcəyinə əmin olduğunu söyləmiş, yaxın vaxtlarda Bakıda Türkmənistan Ticarət Evinin açılmasında ASK-nın da yaxından iştirak etməsi xəbərindən sevindiyini ifadə etmişdir. O, açılışa Türkmənistandan mütləq biznes nümayəndə heyətinin səfərinin təşkil ediləcəyinə söz vermişdir.
Bundan əlavə, 14.12.18 tarixində keçirilmiş Türkdilli Dövlətlərin Biznes Şurasında çox mühüm qərarlar qəbul olundu. Belə ki, ilk növbədə 2019-cu ilin oktyabr ayının 3-də Bakı şəhərində keçiriləcək 10-cu Yubiley Sammitine hazırlıq çərçivəsində İnvestisiya Fondu, daimi katibliyi İstanbul şəhərində olmaqla Ticarət və Sənaye Palatasının yaradılması, gələn il Daşkənddə Beynəlxalq Biznes Forumun təşkili, müşahidəçi qismində Macarıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrin daha aktiv əməkdaşlıq formatənın qurulması, üçüncü ölkələrdə ümumi Türk Ticarət Evlərinin yaradılması (ilk evin Macarıstanda yaradılması gələn il), habelə gələcəkdə ümumi Türk Bankının qurulması kimi məsələlər müzakirə olundu və müsbət qərarlar qəbul edildi. Eyni zamanda, həmin gün ASK Baş katibinin müavini də İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və Sənaye Palatasının (ECO CCI) İdare Heyətinin 25-ci iclasında Azərbaycan Respublikası biznes ictimaiyyətini təmsil etmişdir. Bu iclasda Türkdilli Dövlətlərin Biznes Şurası və ECO CCI arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.
Beynəlxalq Konfransda AR hökumətini ƏƏSM nazirinin müavini Mətin Kərimli təmsil etmişdir.