skip to Main Content

“Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda işgüzar forum keçirilib

“Özəlləşdirmə Və Investisiya Imkanları, Müasir Yanaşmalar, şəffaf Və Elektron Prosedurlar” Mövzusunda Işgüzar Forum Keçirilib

Özəlləşmə nəticəsində bölgələrdə fəaliyyət göstərən müəssisələrin sayı daha da artacaq. Prosesin sürətləndirilməsi, özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin effektivliyi istiqamətində aparılan işlərin məcrası genişlənir. Bu kimi hədəflərin reallaşdırılması üçün isə innovativ yanaşmalar tətbiq edilir, özəlləşmənin elektron müstəviyə keçidi təmin olunur, maarifləndirici forumlar keçirilir. Belə tədbirlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 21-də Mingəçevir şəhərində “Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda işgüzar forum təşkil edilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda ətraf rayonlardan olan 100-dək sahibkarlıq subyekti, iş adamı iştirak edib.

Forumun əsas məqsədi sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaqdır. Eləcə də ölkədəki əlverişli investisiya mühitindən yararlanaraq, sahibkarların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılması da tədbirin əsas vəzifələrindəndir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Sadiq Məmmədov çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmana əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi prioritet məsələ kimi müəyyən edilib. Müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Elektron hərracın tətbiqi, eləcə də hərracları onlayn izləmək imkanının olması geniş investor kütləsinin prosesə cəlb edilməsinə, özəlləşmənin keyfiyyətcə yeni mərhələsinin başlanmasına şərait yaradıb. Cari il ərzində 20-ə yaxın vətəndaş hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 120-ə yaxını isə elektron formada həyata keçirilib. Ümumilikdə hərracların 70-ə yaxını rəqabətli şəkildə baş tutub.

Ölkəmizdə əsas vəzifələrdən biri də yerli istehsalın genişləndirilməsi üçün regionlarda rəqabət qabiliyyətli müəssisələrin özəlləşdirilməsi, fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulmasıdır. Komitə hərraclarla yanaşı, regionlarda yerləşən dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsini təşkil edir. Həyata keçirilən bu tədbirlər isə iqtisadiyyatın inkişafını daha da sürətləndirir.

Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsi ilə satışa yönəldilir. Bildirilib ki, cari il ərzində ümumilikdə 206 hərrac keçirilib, səhmdar cəmiyyətlərinin səhm paketləri üzrə, kiçik dövlət müəssisələri, nəqliyyat vasitələri və digər təsnifatlar üzrə 600-ə yaxın dövlət əmlakı özəlləşdirilib.

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsinə imkan verən Özəlləşdirilmə portalı bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır.

Əcnəbi sərmayəçilərin özəlləşmə prosesində iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq xarici ölkələrdə forumlar keçirilir, təbliğat, maarifləndirmə işləri aparılır.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova bildirib ki, son dövrlər ölkədə, eləcə də Mingəçevir şəhərində investor kütləsinin formalaşması, əcnəbi və yerli sahibkarlar tərəfindən müəssisələrə yatırılan kapitalın artımı özəlləşmə prosesinin sürətlənməsinin əyani göstəricisidir. Qeyd edilib ki, investorların cəlb edilməsi, bu sahənin daha da inkişafı üçün Mingəçevirdə geniş imkanlar və perspektivlər mövcuddur. Özəlləşmə nəticəsində müəssisələrin fəaliyyətində iqtisadi potensiallıq artırılır, yeni iş yerləri açılır, məşğulluq səviyyəsi yüksəlir.

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Fərhad Osmanov qeyd edib ki, sadə və onlayn prosedurlarla özəlləşmə prosesinin həyata keçirilməsi investorların bu sahəyə marağını artırıb. Özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nurlan Verdiyev tərəfindən “Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovativ üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. Sahibkarlar Mingəçevir şəhəri və ətraf rayonlar üzrə özəlləşdirilməsi nəzərdə tutulan 40-a yaxın müəssisələr haqqında ətraflı informasiya əldə ediblər. Həmin müəssislərin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi barədə məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, bu müəssisələrin 9-u sənaye, 9-u istehsal, 8-i xidmət, 6-sı tikinti, 4-ü kənd təsərrüfatı, 2-si quşçuluq, 1-i isə turizm sahəsinə aiddir.

İnnovativ yenilik, xüsusi model olan Elektron hərracın tətbiqindən də danışılıb. Bildirilib ki, investorların iş prinsipi nəzərə alınaraq məsafəsiz özəlləşmə prinsipi həyata keçirilir. Sistem istənilən yerdən internet vasitəsilə hərraclara qoşulma imkanı verir.

Sonra Komitə ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi Assosiasiyanın üzvü olan sahibkarlarla səmərəli əlaqələrin yaradılması, onların müvafiq sahələr üzrə özəlləşməyə cəlb edilməsi, eləcə də həmin investorlar haqqında məlumat bazasının formalaşdırılması, mütəmadi işgüzar görüşlərin keçirilməsidir.

Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə tədbirlər gələcəkdə digər iqtisadi rayonlarda da keçiriləcək.

 

Back To Top