ASK-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edən ASK-nın baş məsləhətçisi Bəxtiyar Ağayev 20 Yanvar faciəsinin istiqlal tariximizin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bildirilib ki, faciədən bir gün sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşdü, SSRİ rəhbərliyinin ölkəmizdə həyata keçirdiyi qanlı cinayəti bütün dünyaya bəyan etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində bu gün ölkəmizin müstəqilliyi möhkəmlənib, beynəlxalq nüfuzu daha da artıb.
ASK-nın Hüquq və əmək münasibətləri şöbəsinin baş hüquqşünası Araz Bağırov çıxış edərək bildirdi ki, bir vaxtlar dünyanın quru hissəsinin altı da bir hissəsinə hökmranlıq edən nəhəng Sovet imperiyasına qarşı çıxan Azərbaycan xalqı heçnədən çəkinmədən öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi. Nəticədə günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirildi. Qeyd olundu ki, faciədən 29 il ötməsinə baxmayaraq ağır bədən xəsarətləri almış, bədən üzvlərini itirmiş insanlar bu faciənin ağrılarını hələ də öz üzərlərində daşıyırlar.
Daha sonra şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.