Məmməd Musayev: Özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar sahibkarlığın inkişafına güclü təkan verir.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ötən bir ildə sahibkarlıq sahəsində görülən işləri və onların nəticələrini AZƏRTAC-a şərh edib.
M.Musayev bildirib ki, Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir: “Bu islahatlar çərçivəsində ölkə başçısının 2018-ci il aprelin 20-də imzaladığı Fərmana görə, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi məqsədilə struktur yeniləndi, Gömrük Komitəsi ilə yanaşı, idxal-ixrac əməliyyatlarına Vergilər Nazirliyi də nəzarət etməyə başladı. Bu addım, ilk növbədə, “kölgə iqtisadiyyatı”nın qarşısını almağa yönəlib və islahatlar sahibkarlar üçün bərabərhüquqlu rəqabət mühiti formalaşdıracaq, uçotun düzgün qurulması nəticədə biznes mühitinin daha da şəffaflaşdırılmasına xidmət edəcək.
ASK-nın prezidenti ötən bir ildə iqtisadiyyatın inkişafı, xüsusən sahibkarlığın stimullaşdırılması məqsədilə Azərbaycan hökumətinin fiskal siyasətində ciddi dəyişikliklər etdiyini vurğulayıb: “Prezidentin müvafiq qərarları ilə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi yeni iqtisadi imkanlar açdı. Kiçik və orta sahibkarlığın inkişafına nail olmaq üçün hökumət vergi siyasətinə xüsusi yanaşmalar tətbiq etdi. Sahibkarlar 4 kateqoriyaya bölündü, ölkədə xeyli sayda iş adamının aid olduğu mikro və kiçik sahibkarlar gəlir vergisinin ödənilməsində 75 faizlik güzəşt əldə etdi”.
O, xüsusən də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasının bu kateqoriyaya daxil olan sahibkarlıq subyektlərinin inkişafına müsbət təsir edəcəyini söyləyib.
M.Musayev gömrük sistemində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiq edilməsinin sahibkarların vaxt itkisinin, əlavə xərclərinin qarşısını alacağını, məmur-vətəndaş təmasının aradan qaldırılması, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan yaratdığını qeyd edib. Eləcə də “Dövlət satınalmaları haqqında” Qanundakı dəyişikliklər əsasən tenderlərin elektron şəkildə keçirilməsi, prosesin şəffaf aparılmasını tənzimləyir.
Onun sözlərinə görə, ölkə başçısı keçirdiyi müşavirələrdə yerli sahibkarlara müraciət edərək onların rahat, sərbəst, azad şəkildə öz fəaliyyətlərini davam etdirmələri maksimum dərəcədə imkanlar yaradılacağını dəfələrlə qeyd edib və sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.
ASK-nın rəhbəri bildirib ki, 2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artıb. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artıb, ümumilikdə isə müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. 2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nü isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 6766 lisenziya verilib. Ötən ilin mart ayında “Lisenziyalar və icazələr” portalı yaradılıb və portal vasitəsilə 587 elektron lisenziya verilib.
M.Musayev hesab edir ki, ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci il noyabrın 1-dən əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilib”, – deyən ASK-nın prezidenti 2019-cu ilədək sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 2188 təsdiqedici sənəd verildiyini vurğulayıb.
O xatırladıb ki, regionların inkişafına dair 2019-2024-cü illəri əhatə edən növbəti dövlət proqramı qəbul edilib və artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilib: “Qeyd edim ki, hazırda Azərbaycanda 970 min sahibkar qeydiyyatdadır və onların yarısı aktiv fəaliyyətlə məşğuldur. Təkcə 2018-ci ildə Azərbaycanda 87 min 600 nəfər vergi orqanlarında qeydiyyata alınıb ki, bunların da 50,4 faizi məhz regionlarda yaradılan sahibkarlıq subyektləridir. Əlbəttə, bu sevindirici haldır və regionların inkişafı, region sahibkarlığının faizinin artması ölkəmizin ümumi tərəqqisinə əminəm ki, mühüm töhfələr verəcək”.
Konfederasiya rəhbərinin sözlərinə görə, ASK, öz növbəsində, dövlət-sahibkar dialoqunun qurulmasında, sahibkarları narahat edən məsələlərin müvafiq strukturların diqqətinə çatdırılmasında, sahibkarların inkişafı üçün məsləhət xidmətlərinin keyfiyyətinin artırılmasında öz missiyasını icra edir. Əlavə edib ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə başçısının apardığı uğurlu iqtisadi islahatları dəstəkləyir və proseslərdə yaxından iştirak edir. Konfederasiya vergi və gömrük sistemi üzrə ikitərəfli komissiyada sahibkarların maraqlarını müdafiə edir. Eyni zamanda, KOBİA və Kredit Zəmanət Fondu da yüksək səviyyədə təmsil olunur, sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.