Məhkəmə-hüquq sistemində islahatlarla bağlı ASK İşçi Qrupunun iclası oldu
Azərbaycan prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının icrası ilə əlaqədar Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının daxilində yaradılmış İşçi Qrupunun iclası keçirilib.
İclasa sədrlik edən ASK-nın vitse-prezidenti Zakir Nuriyev bildirib ki, Konfederasiyanın tərkibində fəaliyyət göstərən komissiyalar və komitələrdən biri “Hüquq Komissiyası”dır. Hazırda gömrük, vergi qanunvericiliyində aparılan islahatlar prosesində sahibkarların hüquqlarını müdafiə edən əsaslandırılmış təkliflər hazırlamaq, Konfederasiyaya edilmiş tövsiyələri həyata keçirmək istiqamətində müəyyən işlər görmək ASK-nın hüquq komissiyasının üzərinə öhdəlik kimi qoyulub. Z.Nuriyevin sözlərinə görə, ASK-nın hüquq istiqamətində apardığı ardıcıl çalışmalar artıq dövlət orqanlarının üzərinə onlara ünvanlanan sorğuların məcburi cavablandırılması, rədd cavablarının əsaslandırılması öhdəliyinin qoyulması ilə nəticələnib. İclasın işinə uğurlar arzulayan və hər kəsi fəal olmağa dəvət edən Z. Nuriyev işçi qrupun fəaliyyətinin səmərəli olması üçün mümkün qədər müzakirələrin davamlı aparılmasını xahiş edib.
ABA-nın Hüquq Ekspert Qrupunun sədri Qorxmaz Ağayev çıxışında bu fərmanın ölkəmizdəki hüquq sistemindəki rolunu, əhəmiyyətini vurğulayıb. Hüquq islahatlarının daha öncədən vacib olduğunu, bu fərmanın ölkədə hüquq-mühafizə sisteminin daha da inkişaf etməsinə ciddi təkan verəcəyini qeyd edib.
İclasda çıxış edən digər iştirakçılar tərəfindən xarici ölkələrin təcrübələrinin öyrənilməsinin, məhkəmə sisteminin avtomatlaşdırılmasının, yerli arbitraj idarəsinin yaradılmasının vacibliyi qeyd edildi. 1999-cu il Qanununun təkmilləşdirilməsi, Mülki Prosessual Məcəllədə münsiflər məhkəməsinə istinad olunmasına rəğmən reallıqda yerli hüquqi şəxslər arasında mübahisələrin həlli üçün “yerli arbitraj”ın mövcud olmadığı bildirildi. MPM-in 29-cu maddəsinin şərhi, arbitraja müraciət, yerli arbitraj, münsiflər məhkəməsi anlayışlarının izahının aparılmalı olduğu qeyd edildi. Son günlərdə “Mediasiya haqqında” AR Qanunun qəbul olunmasının, mübahisələrin məhkəmədən kənar vasitələrlə həlli istiqamətində olduqca mühüm addım kimi qiymətləndirildi. Təklif olundu ki, hakimlərə düşəcək işlərin sayı konkret rəqəmlə məhdudlaşdırılsın. İqtisadi işlərdə məhkəmə rüsumları konkret rəqəmlə yox, iddia məbləğinin əvvəlcədən müəyyənləşdirilmiş faizi ilə müəyyən olunsun. Bunun üçün İnzibati Prosessual Məcəllə dəyişdirilməli, yeni baxışa uyğunlaşdırılmalıdır. Belə olan halda prosesi uzatmaq üçün məhkəməyə müraciət etməklə edilən sui-istifadə halları önəmli ölçüdə azalar, bu da öz növbəsində məhkəmələrin yükünü azaldar. Bundan başqa məhkəmə qərarlarının icrası məsələsinin ən önəmli məsələlərdən olduğu bildirildi. Sahibkarlarda arbitraj orqanına inam yaratmaq üçün konkret tədbirlərin görülməsinin vacibliyi qeyd edildi.
İclasın sonunda Fərmanın icrası ilə bağlı qanunvericilik təkliflərinin İşçi Qrupu tərəfindən 24 aprel 2019-cu il tarixə kimi yazılı şəkildə ASK-ya göndərilməsi və qəbul edilən təklifləri yenidən müzakirə edib ASK-nın yekun qanunvericilik təkliflərini hazırlayaraq hökumətə təqdim edilməsi qərara alındı.