skip to Main Content

Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edildi

Məhkəmə-hüquq Islahatlarının əsas Istiqamətləri Sahibkarlarla Müzakirə Edildi

Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyilə mayın 20-də “Fairmont Baku” mehmanxanasında “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.

Müzakirələrdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ali Məhkəmənin səlahiyyətli şəxsləri və sahibkarlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. Çünki islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir.

“Xatırladım ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayıb və 1995-ci il 12 noyabrda müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib, ədalət mühakiməsinin qanunvericilik bazası formalaşdırılıb. Dövlət başçısının imzaladığı bu Fərman isə formalaşdırılmış məhkəmə-hüquq sistemininin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur”, deyən ASK sədri Fərmanla Azərbaycanda sahibkarların şikayətlərinin daha çevik həll edilməsi,  qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumunun yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda elektron məhkəmə sisteminin əhatə dairəsi genişləndiriləcək, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsi yüksələcək, elektron imzanın tətbiqi sahələri artırılacaqdır. Bununla yanaşı, vergi, gömrük, sosial sığorta ödənişləri üzrə ixtisaslaşmış məhkəmələrin, sahibkarlıq subyektləri ilə bağlı məhkəmə mübahisələri üzrə alternativ həll mexanizmlərinin – Arbitraj, Mediasiya institutlarının tətbiqi mübahisələrin həllində çevikliyi artıracaqdır. Nəticədə proseslərin müddətinin uzadılmasının qarşısı alınacaq və şikayətlərə baxılma müddətləri azalacaq. Hazırda məhkəmələrin iş yükü çoxdur və yeni  altertaniv mexanizm və ixtisaslaşmış məhkəmələrin yaradılması bu iş yükünün azalması və daha qısa müddətdə, ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına imkan verəcək.

Sabit məhkəmə praktikasnın formalaşdırılması isə hüquq sisteminə inamın güclənməsinə səbəb olacaq.

M.Musayev qeyd edib ki, Fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyasına tövsiyyə edilmiş məsələlər də vardır və bununla bağlı sahibkarlardan, hüquqşünaslardan ibarət işçi qrup yaradılıb. Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyi yanında yaradılmış işçi qrupunda da Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil olunur.

O, Azərbaycan Sahibkarlar Konfederasiyasının bugünkü ictimai müzakirələrdə təkliflərdən ibarət təqdimatla çıxış edəcəyini qeyd edərək bütün iştirakçıları aktiv olmağa çağırdı.

Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxışında bu müzakirələrin Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparıldığını bildirdi:

“Hesab edirik ki, ictimai müzakirələr fərmanın effektiv işləməsinə dəstək olacaq və belə müzakirələr bundan sonra da davam edəcək. Son bir neçə ili götürsək 2017-ci ildə İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması, həmin ildə Qida Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması, 2018-ci ildə Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasını nəzərdə tutan Fərmanın imzalanması, Dövlət Turizm Agentliyinin yaradılması, Əqli Mülkiyyət Agentliyinin yaradılması və digər tədbirlər məhz Azərbaycanda biznes mühitinin müasirləşdirilməsi, dövlət oqranları ilə fəaliyyətdə sahibkarların münasibətlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. 2018-ci ildə aparılmış islahatların hamısı növbəti addımlar üçün zəmin yaradıb. Növbəti addım isə bu gün bizim müzakirə etdiyimiz məhkəmə-hüquq sahəsində görülən işlərdir. Dövlət orqanları ilə sahibkarların münasibətlərinin institusionallaşması nəzərdə tutulur”.

G.Kərimov söyləyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi” ilə bağlı Fərmanda sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.

G.Kərimov qeyd edib ki, 2018-ci ildə Azərbaycan məhkəmələrində 246 920 işə baxılıb: “Həmin işlərdən 17 307-ni inzibati işlər, 5 000-ni iqtisadi işlər təşkil edir. 2018-ci ildə Azərbaycanda birinci imstansiya məhkəmələrində 12 539 cinayət işlərinə baxılıb. Onlardan 10 172-si ittiham hökmü ilə nəticələnib, 89-u isə bəraətlə başa çatıb. Burada əsas yük rayon məhkəmələrinin üzərinə düşür. Bu işlərin də əsas xarakteri iqtisadi xarakter daşıyır. 2020-ci ildə “Rəqabət Məcəlləsi”nin qəbulu da paket işlərinə daxildir”.

G.Kərimov mübahisələrin alternativ həll variantlarının yaradılmasının sahibkarlığın inkişafına kömək etmək məqsədi daşıdığını bildirdi.

Birinci vitse-prezidentin köməkçisi 6 mindən çox üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində Mediasiya Məktəbi kimi bir qurumun yaradılmasını təklif etdi. Yerli arbitraj məhkəmələrinin fəaliyyətə başlamasının ümumilikdə məhkəmələrin yükünü azaldacağını vurğuladı.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev bildirdi ki, bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir.

“Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Həmçinin Fərmanın əsas məqsədi ədalət mühakiməsinin effektivliyinin təmin edilməsi, ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsidir”.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyini İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin mühüm mandatlarından birinin də kiçik və orta biznes (KOB) subyektlərinin qanuni maraqlarının müdafiəsi olduğunu, bunun Agentliyin digər istiqamətlər üzrə fəaliyyətinin effektivliyinə birbaşa təsir etdiyini qeyd edib. “Ötən illər ərzində məhkəmə-hüquq sistemi sahəsində həyata keçirilən islahatlar məhkəmə institutunun möhkəmləndirilməsində əhəmiyyətli nəticələrlə müşayət edilib. Dövlət başçısının bu sahədəki müvafiq Fərmanında da qeyd edildiyi kimi ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətində bütün sahələrdə reallaşdırılan islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Bu baxımdan, “Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapmış tədbirlər ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına və bunun nəticəsi olaraq, ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək əhəmiyyətli məsələləri əhatə edir”. Orxan Məmmədov Fərmanda qeyd edilən məsələlərin sahibkarların hüquqlarının qorunması, KOB subyektlərinin problemlərinin həlli baxımından əhəmiyyətini qeyd edib, hakimlərin sahibkarlıqla bağlı biliklərinin artırılmasına, sahibkarlar üçün vahid məhkəmə təcrübəsi barədə maarifləndirici tədbirlərin keçirilməsinə, məhkəmə sistemində elektron kargüzarlığa keçidə, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsinə dair təkliflər səsləndirib.

Ədliyyə nazirinin müavini Azər Cəfərovun sözlərinə görə, son vaxtlar Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya mühitinin əlverişliliyinin artırılması sahəsində xeyli işlər görülüb.

Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavuni Azər Cəfərov “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, bu sahədə qanunvericilik və dövlət dəstəyi mexanizimləri təkmilləşdirilib, idxal, ixrac, gömrük, vergi prosedurları sadələşdirilib: “Bunun nəticəsi olaraq beynəlxalq reytinq cədvəllərində bizim mövqelərimiz xeyli yüksəlib və artıq biz dünyanın ən qabaqçıl dövlətləri sırasındayıq. Bir müddət bundan əvvəl dövlət başçısının sərəncamı ilə biznes mühiti və reytinqlər üzrə xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibində fəaliyyət göstərən 18 işçi qrup mövcüd vəziyyəti, qanunvericiliyi təhlil edib və bir çox mütərəqqi, o cümlədən də məhkəmələrə müraciət imkanları asanlaşdıran təkliflər hazırlayıb”.

A.Cəfərov vurğulayıb ki, ölkə başçısının təşəbbüsü ilə qanunvericiliyə edilmiş dəyişiklilərə əsasən, mülki və iqtisadi mübahisələrə dair işlər üzrə icraatın artıq elektron qaydada aparılması, məhkəmə sənədlərinin tərəflərə, proses iştirakçılarına elektron qaydada dərhal ötürülməsi və dövlət rüsumlarının elektron qaydada ödənilməsi mümkün olmuşdu. Artıq 5 ilə yaxındır ki, iqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsi ilə aparılır: “Bu müddət ərzində məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb. Bunun da mini iqtisadi mübahisələrdir”.

Nazir müavininin sözlərinə görə, Vahid Məhkəmə Portalında məhkəmə prosesi iştirakçısının şəxsi kabineti, elektron icraatın çoxsaylı funksiyalarından da artıq istifadə etmək mümkündür.

Ali Məhkəmənin hakimi Xəqani Hümbətov bildirdi ki, fərman məhkəmə mübahisələrinin baxılması istiqamətləri və məhkəmə islahatlarının dərinləşməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Məhkəməyə çıxış imkanlarının sadələşdirilməsi, məhkəməyə çatımlılıq, prosesual imkanların mümkün qədər sadələşdirilməsi nəzərdə tutulur.

“Biz ədalətli balansın qorunmasına nail olmalıyıq, gecikmiş ədalət ədalət hesab edilə bilməz. İşlərə baxılma müddətləri var, amma bəzi icraat işlərinin sadələşdirilməsi, bəzilərinin yazılı, bir qismində isə appelyasiya şikayəti vermək imkanının məhdudlaşdırılması nəzərdə tutulur. Hamı ədalətli qərar gözləyir və son nəticədə məhkəməyə inamın yüksəkməsi hədəflənir”, – deyən hakim müvafiq məhkəmə təcrübələrinin yaradılmasını və bunun məhkəmədə sabitliyə nail olmaq məqsədi daşıdığını bildirdi.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Xəqan Hümmətzadə məhkəmə-hüquq sistemindəki mövcud çətinliklərdən danışdı. Onun hazırladığı təqdimata əsasən, məhkəmələrin yükünün həddən artıq çox olması, mübahisələrin həllinin uzun sürməsi, mülki və iqtisadi mübahisələr üzrə açıq-aşkar əsassız iddiaların qaldırılmasından çəkindirmə mexanizminin olmaması halları mövcuddur. Eyni zamanda mübahisələrin həllində məhkəmədənkənar mexanizmlərinin effektiv olmaması, qərarların layihələrin hazırlanması zamanı iştirakçıların prosesə cəlb edilməməsi, iclas katibləri, hakim köməkçilərinin əlaqə vasitələri barədə reyestrin yoxluğu kommunikasiyanın qurulmasında çətinliklər yaradır.

ASK-nın Hüquq komissiyasının üzvü X.Hümmətzadə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılmasını, iqtisad məhkəmələrin aidiyyətinin genişləndirilməsi, inzibati kollegiyadan ayrılaraq müstəqil kollegiya şəklində fəaliyyət göstərilməsini, hakimlərin sayının artırılması, işlərə ixtisaslaşmış hakimlər tərəfindən baxılmasını təklif etdi.

O, həmçinin yerli Arbitraj institunu müəyyən edən qanunun qəbulu, Arbitraj Mərkəzinin yaradılmasını, arbitrlərin seçilməsi, məhkəmələrin arbitraj prosesinə müdaxilə etməmək məsələsi, Konstitusiyanın bir sıra maddələri ilə alternativ mexanizmlər arasında yarana biləcək kolliziyalar, Mediasiya və arbitraj institutu barədə məlumat verdi.

Sonra sahibkarlara söz verildi və tədbir müzakirələr formatında davam etdi, irəli sürülən təkliflər və mövcud vəziyyətlə bağlı iştirakçıların çıxışları dinlənildi.

Məlumat üçün qeyd edək ki, 1 aprel 2019-cu il tarixinə Azərbaycanda 996 min 296 sahibkarlıq subyekti fəaiyyət göstərir. Onlardan 133 min 541-i müəssisə və 862 min 755-i isə fərdi sahibkarlıq subyektidir. Azərbaycanda qeydiyyatda olan müəssisələrin 90.9%-i və ya 121 min 336-sı xüsusi müəssisələrdir.

Back To Top