skip to Main Content

Ölkəmizdə ilk dəfə Menecment və İnnovasiya Forumu keçirilib

Ölkəmizdə Ilk Dəfə Menecment Və İnnovasiya Forumu Keçirilib

Mayın 21-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Menecment və İnnovasiya Forumu keçirilib.

ASK-ın prezidenti Məmməd Musayev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi bu gün Azərbaycanda davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanların yaradıldığını deyib.

Bildirib ki, sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Fərman, Sərəncam və Dövlət Proqramları bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib.

“Çalışmalıyıq ki, ölkəmizdə müvafiq idarəçilik səriştələrinə malik olan kadrlar iqtisadiyyatın bir çox sahələrində idarəetməni düzgün təşkil etməklə yüksək göstəricilərə nail olsunlar. Düşünürəm ki, mütəxəssislərin idarəetmə səriştəliliyinin artırılması məqsədilə Təhsil Nazirliyi ilə yanaşı, əlaqəli qurumların da müvafiq inkişaf proqramlarının təşkil olunmasının vacibliyi vurğulanmalıdır. Ölkədə peşəkar səviyyəli texniki mütəxəssislərlə yanaşı, peşəkar menecer kadrlarının hazırlanması günün ən vacib məsələlərindən biridir”, – deyə o qeyd edib.

O bildirib ki, aparılmış araşdırmalar bir daha sübut edir ki, yaxşı idarəçilərin mövcudluğu texniki mütəxəssislərin mövcudluğu qədər vacibdir və təşkilatlardakı işin gedişini məhz idarəedicilər komandası təmin edir. Ona görə də menecerlərin lazımi səviyyədə olmaması işlərin qeyri-effektiv icrasına və inkişafın ləngiməsinə səbəb olur. Buna görə də, idarəetmə səriştəsinin tədris və təbliğ edilməsi, bu sahədə ictimai təşkilatların yaradılması və inkişafı ən vacib məsələlərdən biridir.

M.Musayev deyib ki, bütün dünyada, eləcə də Azərbaycanda müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının inkişafına xüsusi diqqət göstərilir. İşsizliyin aşağı səviyyədə olması üçün bir sıra digər sahələrlə yanaşı, idarəçilik sahəsinə də diqqət yetirilməli və ictimai təşkilatların bu mühüm işə qoşulması çox vacibdir. Bu mənada, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib.

“Cari ildəki Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən iclasda Prezident İlham Əliyev öz çıxışında idarəçiliyin rolunun ölkənin gələcəyində xüsusi yeri olduğunu vurğulayıb, onu öz əhəmiyyətinə görə innovasiya, texnologiya, şəffaflıq və sahibkarlığa dövlət dəstəyi ilə eyni səviyyədə əhəmiyyətə malik olduğunu qeyd edib”, – deyə ASK-ın rəhbəri bildirib.

Deyib ki, öz ətrafında 6 mindən çox sahibkarı birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə başçısının bu tövsiyələrini əsas tutaraq ASK-ın nəzdində “Menecment komissiyası” yaradıb. Komissiyanın üzvləri və Azərbaycan Menecment Assosiasiyasının təşəbbüs qrupu Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə idarəçilik üzrə biliklərin və təcrübələrin inkişafına xüsusi diqqət göstərir.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə forumun aktuallığını vurğulayaraq bildirib ki, Azərbaycanda sahibkarlar üçün əlverişli şərait yaradılıb, bu istiqamətdə menecment və innovasiyaların yaradılması çox təqdirəlayiq haldır.

Nazir müavini vurğulayıb ki, bu günədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 36 minədək sahibkara layihələrin ümumi dəyəri 5,3 milyard manat təşkil edən 2,3 milyard manat məbləğində güzəştli kredit verilib. Onun sözlərinə görə, bu layihələrin reallaşması nəticəsində 165 mindən çox yeni iş yeri yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu il Azərbaycanda özünəməşğulluq proqramına 7 min nəfər cəlb olunacaq. 2018-ci ildə özünəməşğulluq proqramı 6,5 dəfə genişləndirilərək 7,3 min şəxsi əhatə edib.

“Ölkənin əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin olunması, əmək məhsuldarlığının yüksəldilməsi və bununla da milli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədilə Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirdiyi sosial müdafiənin inkişafı layihəsi çərçivəsində 300-dən çox peşə standartları hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdiriləcək və iqtisadiyyatın real sektorun tələblərinə uyğun daha 300 peşə standartının hazırlanması təmin olunacaq”, – deyə nazir müavini bildirib.

Forumda “Strategiyanın formalaşmasında trendlərin rolu”, “Korporativ mədəniyyətin formalaşdırılmasında liderliyin əhəmiyyəti”, “Korporativ idarəetmə – qlobal praktikalar və trend” mövzularında çıxışlar dinlənilib.

Back To Top