skip to Main Content

Dünya Bankının Azərbaycandakı nümayəndəliyində ASK rəhbərliyi ilə görüş keçirildi

Dünya Bankının Azərbaycandakı Nümayəndəliyində ASK Rəhbərliyi Ilə Görüş Keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Dünya Bankının (World Bank ) Azərbaycandakı Nümayəndəliyində bankın Azərbaycan Respublikası üzrə ölkə meneceri cənab Navid Həsən Naqvi (Naveed Hassan Naqvi) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti cənab Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşün əvvəlində Navid Həsən Naqvi bildirib ki, o, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının təmsilçisidir və eyni zamanda Dünya Bankının Azərbaycanda ölkə meneceri kimi fəaliyyət göstərir. Daha sonra ASK prezidenti Məmməd Musayev Konfederasiya haqqında geniş məlumat verərək və ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində sahibkar ordusunun sayının artaraq bir milyona yaxınlaşdığını söyləyib. M.Musayev əvvəlki illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı Dünya Bankı tərəfindən maliyyələşdirilmiş altı pilot layihə çərçivəsində Salyan, Naxçıvan və digər bölgələrdə sahibkarlara maliyyə dəstəyi göstərildiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq bu müsbət təcrübənin digər sahələrdə də davam etdirilməsinin faydalı olacağını vurğulayıb.

Öz növbəsində N.H.Naqvi hazırda ölkədə yeni iş yerlərinin artırılması üzrə layihələr ilə bağlı hökumətə Dünya Bankının yaxından dəstək göstərdiyini və ümumiyyətlə, yeni iş yerlərinin yaradılmasında hökumət ilə yanaşı, özəl sektorun da mühüm yer tutduğunu deyib.

N.H.Naqvi bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən öznüməşğulluq proqramının təkrarlanması məsələsinə Dünya Bankı da fəal dəstək verir və bu məsələdə işəgötürənlər təşkilatlarının da köməyinə ehtiyac ola bilər. Həmçinin, bu ilin fevral ayının sonunda Dünya Bankının təşkil etdiyi özəl sektorun inkişafına dair Forumda dövlət-özəl tərəfdaşlığının perspektivlərinin müzakirəsində ASK-nın fəal iştirakını təqdir etdiyini söyləyib.

Cənab Naqvi Dünya Bankı ilə ASK arasında əməkdaşlığın real imkanlarının olduğunu vurğulayıb və və bunun üçün məlumatların mübadilə edilməsi qərara alınıb.

O, eyni zamanda, cari ilin sentyabr ayında Dünya Bankının bir sıra ekspertlərinin Bakıya səfəri çərçivəsində konkret layihələrin müzakirəsi üçün ASK rəhbərliyi ilə təkrar görüşün keçirilməsini təklif edib.

Back To Top