ASK-nın təşkilatçılığı ilə “III Milli Mühasiblər Forumu” keçirilir
Bu gün Bakı Biznes Mərkəzində “III Milli Mühasiblər Forumu” keçirilir. Giriş nitqi ilə tədbiri forumun təşəbbüskarı və təşkilatçısı kimi üç ildir öz dəstəyini əsirgəməyən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev açaraq, qonaqları salamladı.
M.Musayev bildirdi ki, son illər dünyada baş vermiş qlobal böhranın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan öz iqtisadi inkişaf tempini saxlamağa nail olub. Ölkədə maliyyə sahəsində şəffaflığı artırmaq və korrupsiyaya qarşı mübarizəni gücləndirmək, xərclərin səmərəliliyini yüksəltmək barədə cənab prezidentin verdiyi tövsiyə və göstərişlər müasir şəraitdə son dərəcə böyük aktuallıq kəsb edir.
ASK prezidentinin sözlərinə görə, 100-dən çox şirkəti təmsil edən 250-yə yaxın maliyyə mütəxəssisini və mühasiblərini bir araya gətirən forum, onların öz təcrübələrini bir-birilə bölüşməsi və şəbəkələşməsi üçün gözəl imkan yaradır.
“Ümid edirəm ki, Forum iştirakçıları mühasibat uçotu sahəsində milli yanaşmalar, maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqi, rəqamsal mühasibat uçotu, Azərbaycan reallığında auditin təşkili problemləri, mühasibat uçotu sahəsində qanunvericilikdə edilmiş dəyişikliklər, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan islahatlar, kommersiya qurumlarında mühasibat uçotu proqramları təminatında müasir çağırışlar, bu sahədə sertifikasiyanın rolu və bir çox aktual mövzularda ətraflı məlumat əldə edəcəklər”.
M.Musayev qeyd etdi ki, sahibkarların maliyyə savadlığının artırılmasına önəm verən Azərbaycan Sahibkarlar Konfederasiyası bu istiqamətdə daim iş aparır. Konfederasiya dövlət-özəl sektor əməkdaşlığı vasitəsi ilə respublikamızda daha əlverişli biznes mühitin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında fəal iştirak edir.
“Sahibkarlar Konfederasiyası maliyyə hesabatlarının hazırlanmasında və təqdim olunmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Auditorlar Palatası ilə sıx əməkdaşlıq edir. Sahibkarlıq subyektlərinin mühasiblərini vaxtaşırı bu mövzularda keçirilən təlimlərə cəlb edirik.
Bu gün Konfederasiya Maliyyə Bazarlarına Nəzarət Palatası və Bakı Fond Birjası ilə birgə sahibkarlara qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə imkanları haqqında maarifləndirici tədbirlər keçirir. Heç kəsə sirr deyil ki, kapital bazarları vasitəsilə maliyyələşmənin əsas tələblərindən biri maliyyə hesabatlığının, şəffaflığın və məlumatların açıqlamasını təmin etməkdir. Qiymətli kağız buraxmaq istəyən şirkətlərə qarşı Palatanın tələblərindən biri də hesabatları, qanunvericiliklə müəyyən olunmuş bir sıra məlumatları açıqlamaqla bağlıdır. Belə məlumatların açıqlanması həm də investisiya qərarı qəbul edən investorlarda şirkətin fəaliyyəti haqqında geniş təsəvvür yaradır. Digər tərəfdən şirkətlərin şəffaf işləməsi onlar üçün sonsuz imkanlar açır, onlar rəqabətə daha davamlı olur, asanlıqla beynəlxalq tərəfdaş tapır və cəmiyyətdə imici artır”.
ASK prezidenti Vergilər Nazirliyi ilə uğurlu əməkdaşlığımızın nəticəsi olaraq, sayca üçüncü Milli Mühasiblər Forumuna marağın böyük olmasını nəzərə alaraq növbəti tədbiri daha geniş formatda keçirmək barədə fikirlərini bölüşdü.
“Hesab edirəm ki, belə forumların davamlı keçirilməsi sahibkarın maliyyə və vergi hesabatlarının hazırlanması zamanı ortaya çıxan bir çox suallara cavab tapmaqda kömək olacaqdır”, deyən M.Musayev forumun işinə uğurlar arzuladı.
Vergilər nazirinin müşaviri Xəqani Abdullayev uçot sisteminin qurulmasında mühasiblərin əməyinin böyük olduğunu vurğulayaraq, “Vergi Məcəlləsi”ndəki dəyişikliklər nəticəsində qeyri-neft sektorunda əmək haqqı fondunun 19%-dən çox artdığını qeyd etdi.
X. Abdullayevin sözlərinə görə, bu ilin ilk 4 ayında ölkədə qeyri-büdcə təşkilatları üzrə sosial ödəmələr 16% artıb. O, təmsil etdiyi qurumun vergi ödəyiciləri ilə daha sıx partnyorluq münasibətləri qura biləcəklərini ümid etdiyini söyləyib.
Vergilər nazirinin müşaviri onu da bildirib ki, Vergilər Nazirliyinin əsas məqsədi kölgə iqtisadiyyatının xüsusi çəkisini azaltmaq, şəffaflığı və vergi güzəştlərinin iqtisadi səmərəsini artırmaq, vergi inzibatçılığını ən müasir səviyyədə qurmaq, vergi ödəyicilərinin hüquqlarını maksimum qorumaqdır.
“Bu ilin ilk 4 ayı ərzində vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə 9%-dən çox artım müşahidə olunub. Vergi proqnozunu 111,7% icra etmişik. Müsbət meyllərdən biri odur ki, qeyri-neft sektorundan daxilolmalarda 18%-dən çox artım qeydə alınıb, proqnoz 116% proqnoz icra olunub. Vergi daxilolmalarında artım tempi qeyri-neft sektorundakı ÜDM-in nominal artım tempini 2 dəfə üstələyib. Bütövlükdə 4 ayda vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62%-dən 67%-ə yüksəlib. Müsbət trendlərdən biri də qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 22%-dən çox artmasıdır”, – deyə X.Abdullayev əlavə edib.
Nazir müşaviri onu da vurğulayıb ki, bir sıra tədiyyə növləri üzrə xüsusilə yüksək artım dinamikası müşahidə olunur: “Qeyri-neft sektoru üzrə ƏDV daxilolmalarında 22%-dən çox artım müşahidə olunub. Bu, ƏDV-yə cəlb olunan dövriyyələrin artımı ilə bağlıdır. Aksiz vergilərində 32%, qeyri-neft sektorunundan daxil olan aksizlərdən 4 dəfədən çox artım olub. Qeyri-neft sektoru üzrə mənfəət daxilolması üzrə 39%-ə qədər artım müşahidə olunub”.