Azərbaycan Sahibkarlar Konfederasiyası rayon nümayəndələri ilə görüşdü
Azərbaycan Sahibkarlar Konfederasiyası rayon nümayəndələri ilə görüş keçirdi. Görüş rayon nümayəndələri arasında şəbəkələşmə yaratmaq və bir neçə sahə üzrə sahibkarların məlumatlılığını yüksəltmək məqsədi daşıyırdı.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov rayon nümayəndələrini təqdim etdikdən sonra onlara yerlərdə KOB Dostu ilə əlaqələri genişləndirməyi, hətta fəaliyyətlərini həyata keçirmək üçün KOB Evlərindən istifadə etməyi məsləhət gördü.
Kiçik və Orta Biznesə Dəstək Agentliyinin nümayəndəsi Adil Əhmədov rayonlarda fəaliyyət göstərən ASK üzvləri ilə əməkdaşlıq etdiklərini vurğulayaraq, yaxın gələcəkdə KOB Dostu şəbəkəsinin 60-a çatacağını qeyd etdi. A.Əhmədov bildirdi ki, regionlarda çalışan sahibkarlar dövlət dəstəyi mexanizmlərindən xəbərsiz olurlar, ona görə də məlumatlılığın artırılması üçün bir neçə sahəvi təlim proqramları hazırlanıb. Eyni zamanda rəqabət qabiliyyətli məhsul istehsalı və onun satış imkanları ilə bağlı KOB sahibkarlar üçün pulsuz bazar araşdırmaları hazırlayır. Çünki bəzən sahibkar yalnız məhsul hazır olanda onu harada satacağı barədə düşünməyə başlayır, bu isə həmin biznesin iflasına səbəb olur.
“KOB Dostu məmur kimi idarədə oturan şəxs deyil, birbaşa sahibkarın yanında olmalıdır”, deyən A.Əhmədov sahibkarlıq mühiti ilə bağlı yerlərdə sorğu və monitorinqlər keçirdiklərini bəyan etdi. Onun sözlərinə görə, yaxın günlərdə “BP-Azərbaycan” şirkətinin dəstəyi ilə BTC neft-boru kəmərinin keçdiyi rayonlarda sahibkarların istehsal avadanlıqları ilə təmin edilməsi məqsədi daşıyan böyük bir layihəyə start veriləcək.
Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Əfqan İlyasov sahibkarların kredit yükü, kreditin alınması şərtləri ilə bağlı məlumat verdi. O, fondun vəsaitlərindən istifadə şərtləri, sahibkarlara verilən üstünlüklərə toxundu: “Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin bank kreditlərindən əsas fərqi odur ki, sahibkar aldığı güzəştli kreditin əsas hissəsini 18 aydan sonra ödəməyə başlayır”.
Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi Mirdamət Kərimov dövlət satınalmaları platforması ilə bağlı sahibkarları məlumatlandırdı. Qeyd etdi ki, 3 milyon dollaradək olan dövlət satınalmalarında yalnız yerli sahibkarlar iştirak edə bilərlər və satınalmalar elektron qaydada həyata keçirilməlidir. “Satınalmalarla bağlı bütün yazışmalar portal üzərindən aparılır, ona görə də hər hansı problem yarananda araşdırmaq asandır”.
Aqrar Kredit və İnkişaf Agentliyi rayon sahibkarlarına verilən subsidiya və kredit qaydaları haqqında məlumat verdi.
Tədbir ASK rayon nümayəndələrinin regionlarda aparacaqları işlər, həyata keçiriləcək birgə tədbirlərlə bağlı müzakirələrlə yekunlaşdı.