skip to Main Content

ASK-nın təşkilatçılığı ilə “Strateji məhsul” mövzusunda ikigünlük beynəlxalq seminar öz işinə başlayıb

ASK-nın Təşkilatçılığı Ilə “Strateji Məhsul” Mövzusunda Ikigünlük Beynəlxalq Seminar öz Işinə Başlayıb

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə paytaxtımızda “Strateji məhsul” mövzusunda beynəlxalq seminar keçirilir. Seminarın məqsədi Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən gələn nümayəndələrlə birlikdə strateji ixrac məhsullarının istehsalı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə etməkdir.

Seminarı açan ASK-nın Baş katibinin müavini Fuad Hümbətov açaraq, tədbir zamanı İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının ekspertlərinin təqdimatlarla çıxış edəcəyini, bu sahə ilə məşğul olan iştirakçılara tövsiyələrini verəcəklərini söylədi.

“Məqsədimiz yaxşı təcrübələri bölüşməkdir”, deyən F.Hümbətov iki günlük seminarda pomidor və fındıqçılığın vəziyyəti, inkişaf yolları barədə təkliflərin səslənəcəyini bildirdi.

Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, nazirliyin əsas missiyalarından biri ölkədə aqrar sektora aid analitik baza formalaşdırmaqdır.

“Aqrar Tədqiqatlar Mərkəzinin pomidorçuluq və fındıqçılıq sahələri üzrə təhlilləri var. Yaxın vaxtlarda ölkədə 84 min hektara qədər ərazidə fındıq əkini sahələri formalaşdırılacaq. İntensiv texnologiyalar tətbiq etməklə hər hektardan 1,5 ton məhsul ala bilərik ki, bununla da Azərbaycan fındıq istehsalına görə dünyada Türkiyədən sonra 2-ci ölkə ola bilər”, – deyə nazirlik rəsmisi qeyd edib.

Bundan başqa, F.Fikrətzadənin sözlərinə görə, hazırda Türkiyə Azərbaycan və Gürcüstanla fındıq istehsalında qiymət siyasətinə, eləcə də xəstəliklərlə mübarizəyə dair müzakirələr aparır.

Beynəlxalq Qoz və Quru Meyvə Şurasının məlumatına görə, Azərbaycan dünyada fındıq istehsal edən ölkələrin ilk 5-liyinə daxildir. Qlobal fındıq istehsalının 4%-i ölkəmizin payına düşür. Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 74 min hektardır. Ötən il ölkədə 45,5 min ton fındıq istehsal edilib.

Back To Top