skip to Main Content

Məmməd Musayev: Bu forum soy bağlılığımızı həm də iqtisadi əməkdaşlığımızla birləşdirəcək

Məmməd Musayev: Bu Forum Soy Bağlılığımızı Həm Də Iqtisadi əməkdaşlığımızla Birləşdirəcək

Oktyabrın 14-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində biznes forum keçirilib.

Forumda ASK prezidenti Məmməd Musayev çıxış edib:

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası adından hər birinizi salamlayır və Sizi Bakıda görməkdən məmnunluq hissi keçirirəm.

Bu günkü tədbirdə Türk dünyasının çox dəyərli iş adamları və dövlət rəsmiləri iştirak edirlər. Ümidvaram ki, bu forum soy bağlılığımızı həm də iqtisadi əməkdaşlığımızla birləşdirərək, bizim birlikdə çalışmağımız və uğurlu nailiyyətlər əldə etməyimiz  üçün bir platforma olacaqdır.

Dəyərli dostlar! Bu gün dünya miqyasında inkişaf edən ölkələr sırasında olan Azərbaycan iqtisadiyyatı inkişaf dinamikasını uğurla davam etdirir.

Məlumdur ki, ümummilli lider Heydər Əliyevin dövlətçiliyin,  yeni iqtisadi sistemin yaranmasını təmin edən və milli maraqlara cavab verən siyasi kursunun, Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində son illər Azərbaycanda  genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir.

Bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatının şaxələnməsinin təmin olunması, yeni iş yerlərinin yaradılması, əhalinin rifah vəziyyətinin yaxşılaşdırılması və ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət nəticəsində 2019-cu ilin altı ayında qeyri-neft sənayemiz 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox artmışdır. Azərbaycanın qeyri-neft ixracı 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı isə 13 faiz yüksəlmişdir.

Ümumiyyətlə son 16 ildə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ticarət dövriyyəsi 3,5 dəfə, qeyri-neft ixracı 4,2 dəfə artıb,  ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları investisiya qoyulub. Qazanılan uğurlar, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Bütün bunlar onu göstərir ki, aparılan islahatlar öz bəhrəsini verir. Azərbaycan istər regionda, istərsə də böyük bir coğrafiyanı əhatə edən türk dünyasında önəmli layihələrə imza atır. Bu, həm dövlətin iqtisadi gücünü, həm də türk dünyasına olan dəyərini göstərir.

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə, Bakı şəhərinin evsahibliyi etməsi və Zirvə görüşü çərçivəsində, Biznes Forumun keçirilməsi bütün türk dünyasının iş adamları üçün əlamətdar hadisədir.

Məlum olduğu kimi, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli Dövlət Başçılarının IX Zirvə görüşünə məhz ölkəmizin evsahibliyi etməsi türk xalqlarının ictimai-siyasi həyatında mühüm tarixi səhifə açdı və həmin  zirvə görüşü bir sıra mühüm qərarlarla yadda qaldı.

Naxçıvan Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ-Türk Keneşi) kimi mühüm qurum yaradıldı ki, növbəti illərdə şura fəaliyyəti ilə türkdilli ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verməyə başladı. Ona görə hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana (Nur-sultan) və Çolpon-Ata olmaqla altı şəhərdə zirvə görüşləri keçirilmişdir.

Bu ilki Zirvə Görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illik yubileyinə təsadüf edir. Fürsətdən istifadə edərək bu yubiley münasibətilə sizləri təbrik edirəm.

Azərbaycan daim türkdilli ölkələrlə sıx əlaqələrə və əməkdaşlığa xüsusi əhəmiyyət vermiş, ortaq milli-mədəni tarixi, dili və digər dəyərləri özündə birləşdirən türk xalqları və toplumları arasında istər mədəni, istərsə də ictimai-siyasi əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermişdir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev öz çıxışlarının birində bu barədə çox gözəl demişdir: “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir”.

Türk Şurası ölkələrinin iqtisadiyyatının davamlı inkişafı ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Bu ölkələr arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Azərbaycan əlverişli geostrateji mövqedə, “Şimal-Cənub” və  “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşləşir.

Ölkələrimiz arasında dəmiryolu və hava nəqliyyatı, beynəlxalq avtomobil daşımaları, tranzit yükdaşımaların tənzimlənməsi sahələrində müqavilələr imzalanmışdır.  Azərbaycan tranzit yükdaşımalar sahəsində etibarlı və stabil tərəfdaş olduğu üçün ölkələrimiz arasında nəqliyyat-logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsi üçün bu sahədə məlumat mübadiləsinin əhəmiyyəti böyükdür.

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən digər qurumlar kimi, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası da bizim əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır.

Ölkələrimiz arasında birgə tədbirlər, biznes forumlar, sərgilər təşkil edilir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycan tərəfindən türkdilli dövlətlərin iqtisadiyyatına 15,3 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Eyni zamanda bu gün  türkdilli dövlətlərin 3200-dən artıq şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29 faiz, bu ilin yanvar-iyul ayı ərzində isə 32 faiz artmışdır. Bu rəqəmlər  sevindirici olsa da hesab edirik ki, Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin həcmi ölkələrimizin real potensialını əks etdirmir və bu ölkələr arasında əməkdaşlığın daha da genişləndirməsinə zərurət vardır. Bu potensialın reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi bu günkü Biznes Forum böyük əhəmiyyət kəsb edir.

Bu günki tədbirdə iqtisadiyyatın bir çox sferasında fəaliyyət göstərən sahibkarlar da iştirak edirlər. Biznes Forumdan sonra iş adamlarının qarşılıqlı (B2B) görüşlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Odur ki, qardaş dövlətlərin bu tədbirdə iştirak edən iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, ölkəmizin sənaye parklarında və məhəllələrində birgə müəssisələr təşkil etməyə dəvət edirik.

İnanırıq ki, bu gün keçirilən Biznes Forum hər birimiz üçün səmərəli olacaq və sahibkarlarımız tərəfindən bağlanacaq əməkdaşlıq müqavilələrinin sayı daha da artacaqdır.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq yaranmış bu imkanlardan istifadə edərək türkdilli dövlətlərin sahibkarları təmsil edən qurumları və iş adamları ilə əməkdaşlığın genişləndirilməsi  üçün öhdəmizə düşən vəzifələri yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək türk dünyasının iqtisadi qüdrətinin artması üçün bütün qüvvəmizi səfərbər edəcəyik.

Forumun işinə uğurlar arzulayır və diqqətinizə görə təşəkkür edirəm!

Back To Top