Məmməd Musayev: Prezident İlham Əliyev sahibkarlığın inkişafını hər zaman diqqət mərkəzində saxlayır
Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, ötən dövrdə müstəqil Azərbaycanın böyük inkişaf yolu keçdiyini və cari ilin 9 ayının uğurlu nəticələrinin bu faktı bir daha təsdiq etdiyini bildirib. Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlətimizin başçısının cari ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirdiyini qeyd edib.
M.Musayev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bəhs edilən bu dövrdə ÜDM 2,5 faiz, qeyri-neft ÜDM-i 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faiz təşkil edib. Bütövlükdə, ÜDM-də özəl sektorun payı 85 faiz təşkil edir: “Azərbaycan Sahibkarlar Konfederasiyasında 6 mindən çox sahibkar, 61 assosiasiya birləşib. Müşavirədə dövlətimizin başçısının nitqində diqqətçəkən əsas məqamlardan biri də Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı idi. Ölkədə aparılan islahatların yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda həyata keçirilən uğurlu islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır. Heç də təsadüfi deyil ki, “Doing Business” hesabatında Azərbaycan 20 ən islahatçı ölkə sırasında qeyd olunub. Lakin Azərbaycan bu uğurlarla kifayətlənmir. İslahatlar bundan sonra da ardıcıllıqla davam etdiriləcək. Dövlətimizin başçısı bununla bağlı qarşıya ciddi vəzifələr qoyub”.
Azərbaycan sahibkarlarının dövlət qayğısı ilə əhatə olunduğunu deyən ASK-nın prezidenti göstərilən qayğıya görə ölkə rəhbərinə sahibkarlar adından minnətdarlıq edib. O deyib ki, ölkə başçısı hər zaman sahibkarlığın inkişafına mane olan məsələlərin aradan qaldırılmasını diqqətdə saxlayır, kiçik və orta sahibkarlığın inkişafına lazımi dəstək verir.
M.Musayev bildirib ki, İqtisadiyyat Nazirliyinin strukturunun təkmilləşdirilməsi sahibkarlar üçün əlverişlidir. Onun sözlərinə görə, ASK-nın əsas hədəflərindən biri də qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsidir.