ASK-nın “Tikinti müəssisələri ilə iş Komissiyası” yenidən formalaşdırıldı
Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə iş Komissiyası”nın yenidən formalaşdırılması ilə bağlı iclas keçirilib. Komissiyanın iclasını açan ASK-nın vitse-prezidenti Vüqar Abbasov tikinti sektorunun iqtisadiyyatın əsas sahələrindən biri olduğunu vurğulayaraq, bu sahədə çalışan sahibkarları narahat edən məsələləri müakirə etmək və çıxış yolları tapmaq üçün komissiyanın bir platforma rolunu oynayacağını bildirib.
Gündəlikdə duran təşkilati işlərin həlli ilə iclası başlayan komissiya iştirakçılarının səsverməsi ilə “Qartal” firmasının direktoru Şahin Məmmədov sədr seçilib.
Ş.Məmmədov çıxışında sahibkarları birlikdə işləməyə, mövcud çətinlikləri birgə həll etməyə çağırıbı. “Vergi Məcəlləsindəki dəyişikliklərin sahibkarlığa təsiri, bizim işimizə problem yaradan məsələləri, sağlam tikinti bazarının formalaşdırılması üçün səyləri birləşdirməyi təklif edirəm”, deyən Ş.Məmmədov gömrük və vergi ödəmələrindən yayınanaraq tikinti bazarına daha ucuz məhsul və xidmət çıxaran şirkətlərin bazarda təmiz işləyən şirkətlərə zərbə vurduğunu söyləyib. Müvafiq dövlət qurumlarının bu hallara qarşı mübarizəni gücləndirdiyini qeyd edən komissiya sədri “təmiz işləyən” sahibkarları müzakirələrdə aktiv olmağa dəvət edib.
ASK-nın baş katibinin müavini Xəqan Hümbətzadə 2020-ci ildə “Vergi Məcəlləsi”də nəzərdə tutulan dəyişikliklərdə tikinti sektorunu gözləyən yenilikləri xatırlatdı və dövlət sosial sığorta haqqlarının hesablanması qaydasındakı yeniliklərlə bağlı layihələr barədə məlumat verib. Kommissiyanın tezliklə bu mövzularla əlaqədar iclas keçirməsinin vacibliyinə toxunub.
İclasda çıxış edən ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və sahibkarlar peşəkar kadr problemi və s məsələləri qaldırıblar.