Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ASK-nın qonağı oldu
Noyabr ayının 20-sində Liviyanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab İsa Alsayd Ahmed Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ASK-nın qonağı olmuşdur. Qonaqlar ASK-nın Prezidenti cənab Məmməd Musayev tərəfindən qəbul edilmişlər.
İlk olaraq, M.Musayev qardaş ölkənin nümayəndələrini salamlamaqdan məmnunluq duyduğunu bildirmiş və bu görüşün iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün bir fürsət olduğunu vurğulamışdır.
Məmməd Musayev qonaqların ölkəmizdə gedən proseslərə özlərinin şahid olduğunu və eyni zamanda bir müddət öncə Bakının iki böyük tədbirə ev sahibliyi etdiyini xüsusilə, “Qoşulmama Hərəkatı”nı qeyd etmişdir.
Həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin keçirilən tədbirlərdə müsəlman ölkələrilə əlaqələrin genişləndirilməsini xüsusi vurğuladığı M.Musayev tərəfindən qonaqların diqqətinə çatdırılmışdır.
Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığı M.Musayev tərəfindən vurğulanmış və bu görüşün iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirmişdir. Bununla yanaşı, bu görüşün “Qlobal Sahibkarlıq Həftəsi”nə təsadüf etdiyi ASK rəhbəri tərəfindən qeyd edilmişdir.
Öz növbəsində, cənab İsa Alsayd Ahmed Mohamed qəbula görə ASK-nın Prezidenti M.Musayevə təşəkkürünü bildirmişdir. O, “Qoşulmama Hərəkatı” çərçivəsində Azərbaycana səfər etmiş Liviyanın Baş Naziri Faiz Saracın ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyi və hər iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edildiyi barədə məlumat vermişdir. Səfir ASK ilə təmaslarının məhz bu yüksək səviyyəli görüşdən sonra Liviyanın rəhbərliyi tərəfindən onlara verilmiş konkret tapşırıqlar ilə əlaqədar olduğunu söyləmişdir.
Səfir görüş zamanı hər iki ölkədə mövcud olan investisiya mühiti və Azərbaycan və Liviyadan olan sahibkarlar arasında hansı sahələrdə əməkdaşlıq potensialının olduğu barədə fikir mübadiləsi aparmışdır. İ.Alsayd həmçinin, ölkələrimiz arasında energetika və səhiyyə sahələrində konkret əməkdaşlıq imkanları barədə bəhs etmişdir.
ASK Prezidenti M.Musayev qonağa ölkəmizdə yerli və xarici sahibkarlar üçün yaradılmış geniş şərait və eyni zamanda qeyri-neft sektoru üzrə mövcud investisiya imkanları barədə məlumat vermişdir. O, Azərbaycanın dünyanın 150 ölkəsilə ticarət əlaqəsinin mövcudluğunu və Liviya kimi təbii ehtiyatlarla zəngin ölkə ilə konkret əməkdaşlıq perspektivlərini dilə gətirmişdir.
Bununla yanaşı, M.Musayev SOCAR və digər neft şirkətlərinin həmçinin, bu sahədə avadanlıq istehsal edən şirkətlərin ASK üzvü olduğunu bildirmiş və Liviyanın müvafiq sahədə fəaliyyət göstərən sahibkarları ilə əlaqələrin qurulmasına onlara dəstək verməyə hazır olduğunu bildirmişdir.
Həmçinin, Məmməd Musayev mövcud imkanlarla yerində tanış olmaq üçün Liviyalı sahibkarları ölkəmizə dəvət etmiş və gələcəkdə görüləcək işlərin planlı şəkildə aparılması üçün Liviyanın ən iri biznesə dəstək təşkilatı ilə ASK arasında Anlaşma Memorandumunun imzalanmasını təklif etmişdir.
Sonda qonaqlar görüşün təşkilinə görə ASK rəhbərliyinə minnətdarlığını bildirmiş və xatirə şəkli çəkdirmişlər.