- This event has passed.
ASK rəhbərliyi G20 qrupuna üzv ölkələrin tədbirində iştirak edib
Sentyabr 4, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Ankara şəhərində keçirilən Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq, maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iki gün davam edən toplantısında iştirak edib. Toplantıda Azərbaycan nümayəndə heyəti böyük tərkibdə təmsil olunmuşdur. G20 tədbiri geniş təcrübə mübadiləsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının gələcək fəaliyyəti üçün real zəmin yaratmışdır.
3 sentyabr 2015-ci ildə tədbiri açıq elan edən Türkiyə Odalar və Borsalar Birliyinin sədri Rifat Hısarcıklıoğlu sözü Baş Nazirin müavini Cevdet Yılmaza verərək, tədbirin önəmini diqqətə çatdırıb.
Türkiyə Respublikasının prezidenti Rəcəp Ərdoğan dünyada baş verən iqtisadi prosesləri təhlil edərək, bu olaylarda Türkiyənin rolu və G20 ölkələrinin qarşısında duran inkişaf perspektivləri və vəzifələri barədə geniş məruzə edib.
Açılış mərasimindən sonra TOBB iqamətgahında keçirilən müxtəlif sessiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sessiyalarda B 20 ölkələrin gündəliyində olan dayanaq inkişaf, Dünya KOM –lar (Kiçik və Orta Müəssisələr) forumu, dünya KOM-u ilə Dünya Bankı arasında imzalanma mərasimi, G 20 –nin gələcəyi, qarşıda duran qlobal idarəetmənin inkişafı ilə bağlı məsələlər öz əksini tapmışdır.
Forumun ikinci günündə isə “Dünya infrastruktur bazarlarını irəliyə aparacaq istiqamətlər” barədə sessiya öz işinə başlayıb. Bu sessiyalarda məşğulluq və iqtisadi inkişaf, maliyyə bazarlarının genişləndirilməsi, risklərin idarə edilməsi və imkanlardan bəhrələnmə, korrupsiya ilə mübarizə, dayanıqlı inkişaf üçün bioiqtisadiyyatın təkmilləşdirilməsi və s. məsələlər müzakirə edilmişdir.
Forumda əsas çıxışcı kimi təqdim edilən Türkiyənin Baş naziri Əhməd Davudoğlunun toplantıda çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qlobal baxış və Türkiyənin G 20 sədrliyi mövzusundakı çıxışında dünya iqtisadiyyatındakı problemlərə ətraflı nəzər yetirərək, o, bu bu istiqamətdə çözüm yollarını izah etmiş, Türkiyənin G 20-yə sədrliyi dövründə həyata keçirdiyi məsələlər barədə hesabat vermişdir. Əhməd Davudoğlu bildirmişdir ki, iqtisadiyyatda sülh və qarşılıqlı anlaşma ən əlverişli yoldur, iqtisadiyyatın inkişafı üçün birgə işləməyin real qarantıdır.
G20 ölkələrinin maliyyə nazirlərinin plenar sessiyasına Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumlarının rəhbərləri də qatılmışlar. Toplantında “Beynəlxalq maliyyə arxitekturası”, “Maliyyə tənzimlənməsi”, “Beynəlxalq vergi problemləri” və digər mövzuları əhatə edən sessiyalarda qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Günün ikinci yarısında keçirilən sesiyalarda XXI əsrin ticarət istiqamətləri, digital erasının daha da inkişaf etdirilməsi, qadın biznesinin inkişafı, yeni enerji sahələrinin müəyyən edilməsi, aqrobiznes sahəsinin inkişafı və qlobal rəqabətlilik, KOM-ların və sahibkarların inkiafı üçün imkanların daha da genişləndirilməsi, gələcəkdə əmək bazarının inkişafı (gənc sahibkarlıq və bacarıqların inkişafı), dünyada sahibkarlığın inkişafı üçün vəsaitlərin müvafiq paylaşdırılması, istehsal zəncirində dövlətin və biznesin birgə iştirak imkanları, cənub –şərqi Avropanın qlobal bazarlara inteqrasiyası kimi önəmli mələlər müzakirə olunmuşdur.
Türkiyə Mərkəzi bankının direktoru Erdem Başçı təşkil olunmuş və qlobal iqtisadiyyatla bağlı sessiyada çıxış edən Beynəlxalq Valyuta Fondunun direktoru Christina Lagarda qadınlara iqtisadiyyatda daha geniş yer ayrılmasını məqsədəuyğun hesab etmişdir.O, bildirmişdir ki, qadınların biznes həyatına çox sürətlə inteqsiyası müsbət amildir, amma bu tendensiya daha da genişləndirilməlidir. O, bu məsələni Türkiyə üçün aktual olduğunu xüsusilə vurğulamışdır. İqtisadi böhrandan sonra kredit axını yeni-yeni əvvəlki vəziyyətinə qayıdır. Lagarda problemli kreditlərdən də bəhs edərək, şirkətlərin qarşısında duran əngəllər aradan qalxmasının, bu sistemdə mövcud proseslərin sadələşməsinin də faydalı olacağını bildirmişdir. Kiçik və orta sahibkarlığa xüsusi diqqət göstərilməsinin vacibliyini də önə çəkmişdir.
Qeyd etmək lazımdır ki, Türkiyənin sədrliyi ilə G20 qrupunun ayrı-ayrı sahələri əhatə edən toplantıları Böyük İyirmilik ölkələrinin dövlət başçılarının bu ilin noyabrında Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünə hazırlıq məqsədi daşıyır.
Türkiyədən sonra G20–yə sədrlik Çin Xalq Respublikasına keçəcək.
Forum çərçivəsində Türkiyə Borsalar və Odalar Birliyi ilə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Kofederasiyasının prezidenti Məmməd Musayev TOBB-un katibi İstanbul Borsalar və Odalar Birliyinin sədri cənab İbrahim Çağlar ilə görüş keçirmişdir. Görüş zamanı hər iki təşkilat arasında gələcək perspektivlər müzakirə olunmuş, TOBB-un təcrübəsindən bəhrələnmək imkanlarına dair razılığa gəlinmişdir.