- This event has passed.
Gülüstan əyalətinin başçısı Həsən Sadıqlı sahibkarları əməkdaşlığa dəvət edir
Dekabr 7, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
İran İslam Respublikasının Gülüstan əyalətinin başçısı Həsən Sadıqlının rəhbərlik etdiyi 30 sahibkardan ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında ASK-nın prezidenti Məmməd Musayevlə görüşüblər.
Görüz zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkə prezidentinin son illər qeyri neft sektorunun, xüsusilə də biznes sektorunun inkişafı ilə bağlı həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycan-İran ticarət əlaqələrinin inkişafı üçün ölkəmizdə böyük potensial olduğundan söhbət açan M.Musayev mütəmadi olaraq iki ölkənin iş adamlarının birgə görüşlərinin keçirilməsini məqsədəuyğun hesab edib.
Gülüstan əyalətinin başçısı Həsən Sadıqlı bildirib ki, ilk dəfədir ki, Azərbaycana səfər təşkil olunur və görüşlər iki ölkənin özəl sektorunun inkişafı baxımından əhəmiyyətli olacaq. O, Azərbaycan –İran hökumətlərarası əlaqələrindən razılığını dilə gətirib. Qeyd edib ki, ölkə prezidentlərinin bugünədək 6 dəfə görüşləri keçirilib. Həsən Sadıqlı bildirib ki, Gülüstan əyaləti də nəinki siyasi, mədəni, o cümlədən iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsində olduqca maraqlıdır.
Azərbaycan-İran arasında 1,5 milyard dollar ticarət dövrüyyəsi olduğunu, bu rəqəmin gələcəkdə daha da artırılması üçün yeni əməkdaşlıq imkanları qurmaq niyyətində olduqları da görüşdə diqqətə çatdırılıb. Qonaq deyib ki, Gülüstan əyalətində 90 növ məhsul istehsal olunur, 7 iqlim qurşağının hakim olduğu Gülüstan əyaləti əsasən kənd təsərrüfatı məhsulları, sənayesi ilə məşhurdur. Həmçinin il ərzində 1mln. 500 min ton taxıl istehsal edirlər.
Daha sonra Gülüstan əyalətinin ticarət palatasının sədri Ramazan Bahrami Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi başda olmaqla, ASK-nın üzvü olan sahibkarları Gülüstan əyalətinə qarşılıqlı əməkdaşlıq yaratmağa dəvət edib.
Görüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Gülüstan əyaləti arasında işçi qrupunu yaradılması ilə bağlı razılığa gəlinib. Bildirilib ki, bundan sonra Gülüstan əyalətində fəaliyyət göstərən iş adamları ilə azərbaycanlı həmkarları arasında daha intensiv iş aparılacaq.