- This event has passed.
MÜSİAD Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha sıx əməkdaşlıq edəcək
Noyabr 30, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
27 noyabr 2017-ci ildə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun ilə görüşmüşdür. Görüş zamanı iki təşkilatın gələcəkdə birgə əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər müzakirə edilmişdir. Qurumun fəaliyyəti ilə bağlı məlumat verən Abdurrahman Uzun bildirib ki, dünyanın müxtəlif ölkələrində yeni şöbələrini açılan MUSİAD-ın Azərbaycan şöbəsi artıq 6 aydan çoxdur ki, Bakıda fəaliyyətə başlamışdır. A.Uzun qeyd edib ki, MÜSİAD 1990-cı ildə 12 iş adamı tərəfindən təsis olunub, hazırda isə 11 mindən çox üzvü öz ətrafında birləşdiririr. 60 mindən çox müəssisəni, 1,6 milyon işçini əhatə edən MÜSİAD -ın 68 ölkədə 181 şöbəsi vardır.
Görüş zamanı razılaşdırılmışdır ki, yaxın müddətdə Türkiyədə fərqli sahələrdə uğur qazanmış iş adamları Azərbaycana dəvət edəcək. Məqsəd onların təcrübəsinin azərbaycanlı iş adamları ilə paylaşılmasıdır. Yerli iş adamları ilə birlikdə bazarı araşdırıb, yeniliklər əldə etmək naminə bir sıra səyahətlərin təşkili də nəzərdə tutulur. Bundan əlavə, MUSİAD Türkiyədən və ya dünyanın başqa ölkələrindən Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərə dəstək olmağı planlaşdırır.
Abdurrahman Uzun həm də bildirmışdir ki, dərnəyin Azərbaycan şöbəsi sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, Azərbaycan iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin təşviq edilməsi istiqamətində bir sıra layihə və proqramlar reallaşdırmağı planlaşdırır. Bu məqsədlə də qurumun Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha geniş müstəvidə əməkdaşlığına ehtiyac duyulur.Qurum rəhbəri MÜSİAD-ın Azərbaycan şöbəsinin digər hədəfinin milli və beynəlxalq səviyyədə üzvlərin sayını artırmaq, onlar arasında həmrəyliyi gücləndirmək, ölkələrimizin inkişafına töhfə vermək olduğunu qeyd edib. Bildirib ki, hazırda 35 üzvü olan şöbə fəaliyyətinin birinci ili ərzində üzvlərinin sayının 100-ə, üç ildə isə 500-ə çatdırmağı hədəf qoymuşdur.
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Türkiyənin Azərbaycandakı Səfirliyi arasında mövcud işgüzar əlaqələri yüksək dəyərləndirən ASK-nın prezidenti Məmməd Musayev qardaş ölkənin biznes sturukturları ilə əməkdaşlıq əlaqələrindən söhbət açmışdır. O, bildirmişdir ki, Azərbaycan Sahibkarlar Konfederasiyası nəinki yerli,o cümlədən beynəlxalq əlaqələrin inkişafında olduqca maraqlıdır. Azərbaycanın tranzit potensialından yaralanmağı tövsiyə edən Məmməd Musayev bildirib ki, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti yaradılıb. MUSİAD və Azərbaycan Sahibkarlar Konfederasiyası birgə layihələr icra etsə hər iki tərəfin iş adamları bundan faydalanar.ASK-nın prezidenti Məmməd Musayev belə təmas və əlaqələrin daha səmərəli olması üçün hər iki təşkilat arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanmasının faydalı olacağını bildirib. Görüşün sonunda hər iki tərəfin nümayəndələrinin da intensiv fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunub.