skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir

Aprel 25, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

25 aprel 2017-ci il tarixində “Boulevard Hotel Baku”  mehmanxanasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq  konfrans keçirilir.

Dövlət qurumlarının rəhbər şəxslərin, nüfuzlu qonaqların, eləcə də Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Belarusiya, Rumıniya, İsveç, Mərakeş Krallığı və Cənubi Koreyadan yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi konfransın keçirilməsində məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqların qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək və perspektivlərin müəyyən edilməsidir.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov konfransı açıq elan edərək, iştirakçıları, yerli və  xarici qonaqları salamlayıb. O bildirib ki, qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Əli Əhmədov qeyd edib ki, qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bötövlükdə təsir edir.

Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycanda qadın sahibkalığının inkişafı üçün hər cür şərait yaradılmışdır, belə ki, ölkəmizdə əlverişli hüquqi baza mövcuddur, dövlət tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır, onların iqtisadi potensiallarının artırılması, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm işlər həyata keçirlir. “Bu gün qadınlar arasında iqtisadi fəallıq artır. Ölkəmizdə qadınların sahibkarlığa olan meyillərinin artması müşahidə olunmaqdadır. Bu özünü onda göstərir ki, son iki ildə Azərbaycanda sahibkar qadınların sayı 2 dəfə artmışdır. Bu onu göstərir ki, Azərbaycanda qadınların rolunun, onların iqtisadi fəallığının artmasına böyük önəm verilir.” Konfransda çoxsaylı ölkələrin təmsil olunmasının mövzunun aktuallığını göstərdiyini deyən Baş nazirin müavini qeyd edib ki, güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində məşğul olanların bütün vergilərdən azad edilməsi qadın sahibkarlığının inkişafına kömək edir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar daha əhəmiyyətli rolları, funksiyaları öz üzərlərinə götürməyə hazırdırlar. Azərbaycan qadınları bütün dünyada toplanmış müsbət təcrübələrdən bəhrələnərək ölkənin iqtisadi həyatına öz töhfələrini verəcəklər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, bu gün sayca 3-cü dəfə keçirilən  konfransın məqsədi qadın sahibkarlığının inkişafında mövcud vəziyyəti müzakirə edərək, gələcək hədəflərin müəyyən olunmasıdır. Hicran Hüseynova qeyd edib ki, BMT-yə üzv olan 193 ölkə Dayanaqlı İnkişaf Məqsədlərinə qoşularaq 2030-cu ilədək yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək üçün 17 məqsəd üzrə hədəflər müəyyən etmişdir: “Dayanıqlı İnkişaf Məqsədlərindəki çağırışlar tək bizim ölkəmizə deyil, bütün dünyaya edilib. Bilirsiniz ki, müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada  qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına və davam etdirməsinə, qadınlarımızın işləməsinə, sahibkarlıqla məşğul olmasına bir cox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yalnış təsəvvürlər, stereotiplərdir.” Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi,  dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin  edilməsi məsələlərinin Azərbaycan Hökumətinin daim diqqətində olduğunu qeyd edən Komitə sədri bildirib ki, qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi kimi prioritet məqsədlərin reallaşması baxımından  əhəmiyyətlidir.

Hicran Hüseynova bildirib ki, Ermənistan tərəfindən ərazilərimizin işğalına, hələ də aqressiv siyasətin davam etməsinə,  dörd yüz əlli  (453 731) mindən çoxu qadını, üç yüz doqquz  mindən çox uşağı (309 080) əhatə edən 1 milyondan çox qaçqın və məcburi  köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı ildən-ilə artmaqdadır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun, və xüsusilə də sahibkarlığın  inkişafı bu artımı təmin edir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına  çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi  köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Azərbaycan  qadınlarının cəmiyyətin bütün sahələrində təmsil olunduğunu və ictimai cəhətdən fəal olduğunu qeyd edən Hicran Hüseynova bildirib ki, ölkədə  sosial-iqtisadi inkişaf səviyyəsində baş vermiş əsaslı dəyişikliklər qadınların bu prosesdə rolunun artmasına səbəb olmuşdur. Xüsusilə bu gün qadınlarımız texniki və maliyyə sahələrinə böyük maraq göstərirlər. “Nümunə üçün bir neçə rəqəmləri nəzərinizə çatdırmaq istərdim:  əgər 2005-ci ildə  dörd mindən çox (4328) qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2015-ci ildə onların sayı  on minə (9899) çatmışdır. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyəti ilə  on dörd mindən çox (14 811) qadın məşğul olurdusa, 2015-ci ildə onların sayı  iyirmi beş mini (25 386) ötmüşdür.  Tikinti sahəsində fəaliyyət göstərən qadınların sayı 2005-ci ildə  beş mindən çox (5 177), 2015-ci ildə isə yeddi mindən çox 7154 olmuşdur”.

Komitə sədri ölkəmizin qarşısında Gələcəyə Baxiş İnkişaf Konsepsiyası və  BMT-nin  Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəliyin olduğunu diqqətə çatdırıb və əlavə edib ki, sənəddə Gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi məsələsi müstəqil məqsəd olaraq müəyyən edilmiş və məqsədə çatmaq üçün  hədəf göstərilmişdir.  Eyni zamanda,  ölkə başçısı tərəfindən 2016-cı ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”i təsdiq edilmişdir. Azad rəqabət mühitinin yaranması, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Bu strategiyaya uyğun olaraq, Komitənin əsas vəzifələrindən biri də  qadın sahibkarlığının inkişafına daha da çox dəstək göstərməkdir. O, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra BMT Baş katibinin müavini, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Friis Bax adından konfransın bəyanatı səsləndirilib.

Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət barədə məlumatları diqqətə çatdırıb. O qeyd edib ki, 2016-cı ildə cənab prezidentin sərəncamı ilə 25 aprel tarixi sahibkarlıq günü kimi elan olunmuşdur. Və bütün dövlət qurumları tərəfindən həyata keçirilən mühüm tədbirlərin miqyasının genişləndirilməsinə başlanmışdır. Sahib Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafının əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər yerli və xarici iş adamlarını bir yerə toplayaraq, onlarala görüşlər keçirmiş, fikir mübadiləsi aparmış, bununla da verilən təkliflər əsasında strateji qərarlar qəbul olunmuşdur. Bu gün də ölkə iqtisadiyyatının inkişafı, sahibkarlığın genişləndirilməsi, sahibkarların sərbəst fəaliyyəti üçün əlverişli zəmin yaradılmışdır.

Daha sonra  BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Qulam İsaqzai çıxış edərək, konfransın əhəmiyyətini qeyd edib. Özbəkistan Respublikasının baş nazirinin müavini, Qadın məsələləri Komitəsinin sədri  Tənzilə Narbayeva, Türkiyə Respublikasının Ailə və Sosial Siyasət naziri  Fatma Betül Sayan Kaya, Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri Delbar Nazari, Tacikistan Respublikasının Qadın və Ailə Məsələləri üzrə Komitəsinin sədri Qosimzoda İdigul ölkələrində qadın sahibkarlığının inkişafı ilə bağlı məlumatları diqqətə çatdırıb, bu istiqamətdə ölkə təcrübəsini qeyd ediblər.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qadın sahibkarlığı inkişaf etdirilməsi vacib  amildir. O qeyd edib ki, qadınların ictimai sahədə o cümlədən sahibkarlıq sahəsində Azərbaycan milli maraqlarına cavab verən yeni üsullar beynəlxalq təcrübə öyrənilib: “Qəbul edilən qanunlar və ölkə başçısı İlham Əliyevin göstərdiyi diqqət sahibkarlığın o cümlədən qadın sahibkarlığının inkişafına gətirib çıxardı. Yaradılan şərait xalçalığın pambıqçılığın, çayçılığın inkişafı qadın sahibkarlığın artmasına və inkişafına səbəb olub. Bu kimi konfranslar qadın sahibkarlığının inkişafına təsir edəcək və dəstək olacaq. Qadınlar istər, iqtisadi istər, siyasi istərsə də, ictimai həyatda öndə gedəcək”.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan xanımlarının ölkənin sosial, iqtisadi, ictimai-siyasi həyatda rolu getdikcə artır. Bu, həm də dövlətin qadın hüquqlarına, onların iqtisadi cəhətdən əhalinin aktiv hissəsində təmsilçiliyinə verdiyi böyük bir dəstəyin nəticəsidir. Təsadüfi deyil ki, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarınn məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən, 48,2 faizdir. Musa Məmmədov onu da qeyd edib ki, Konfederasiyanın nəzində fəaliyyət göstərən 16 daimi komissiyadan biri məhz “Qadın sahibkarlığın inkişafı” Komissiyasıdır. Bu komissiya Konfederasiyanın ən aktivlərindən biridir və sahibkarlıq sahəsində qadınların rolunun gücləndirilməsinin təmin etmək məqsədilə yaradılmışdır. Komissiyanın fəaiyyəti nəticəsində biz bu gün qadın sahibkalığı ilə bağlı əsas tendensiyaları müşahidə edə bilərik.

Naxçıvan Muxtar Respublikası AiləQadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvanda qadınlar üçün yaradılan əlverişli şərait, qadın sahibkarlarına göstərilən dəstək, onların güzəştli kreditlərlə təmin olunması məsələlərini qeyd edib və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini bildirib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək keçirilən beynəxalq konfransın əhəmiyyətini qeyd edib və qadınların bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da fəal olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra İqtisadiyyat Nazirliyi tərəfindən bir qrup sahibkar qadına diplomlar təqdim olunub.

Konfrans “Qadın sahibkarlığının inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa  göstərilən dövlət dəstəyi mexanizmləri” adlı  sessiya ilə davam edib. 

 

Details

Tarix:
Aprel 25, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top