- This event has passed.
“Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirilib
Aprel 26, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilir. Bununla bağlı, aprelin 26-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, abidəsi önünə çiçək dəstələri düzülüb. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Sonra işinə başlayan Konrfansda ilk öncə sahibkarların, bir sıra dövlət orqanlarının və ictimai birliklərin nümayəndələrinin sahibkarlığın inkişafında göstərdikləri xidmətlərə görə təltif edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2017-ci il tarixli Sərəncamı oxunub.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların, qəbul edilən qərarların sahibkarlığın inkişafına verilən böyük diqqət və qağının göstəricisi olduğunu vurğulayıb. “Sahibkarlar Günü” münasibəti ilə sahibkarları təbrik edən Məmməd Musayev ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq edib, sahibkarlara göstərilən dövlət dəstəyinin iqtisadiyyatda özəl sektorun rolunu daha da artıracağını qeyd edib. O, qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, Fərman və Sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökümət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis olunmuş “Sahibkarlar Günü”nünqeyd olunmasını ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, həyata keçirilən kompleks və ardıcıl tədbirlər, səmərəli dövlət dəstəyi sistemi, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye və texnologiyalar parklarının və zonalarının, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda 75%-i ötüb. Son zamanlar dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, satınalmalarda yerli sahibkarlara üstünlük verilməsi, gömrük və vergi sahəsində görülən işlər, ixracın və investisiyaların təşviqi mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafına göstərilən diqqətin davamı olmaqla, özəl bölmənin inkişafında xüsusilə əhəmiyyətlidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə aparılan islahatlar və qəbul edilən qanunvericilik aktlarının önəmini vurğulayıb.
Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığı və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb, iqtisadi inkişafda, büdcə daxilolmalarında sahibkarlığın rolundan danışıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə hər il aprelin 25-nin “Sahibkarlar Günü” kimi qeyd edilməsi sahibkarlara göstərilən diqqətin təzahürü olmaqla yanaşı, cəmiyyətdə sahibkarların rolunun daha genişlənməsinə xidmət edir. Özəl bölmənin məşğulluğun təmin edilməsindəki rolundan danışan Səttar Mehbalıyev sahibkarlıq subyektlərində işçilər üçün əlverişli şəratitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini vurğulayıb, sahibkarların sosial məsələrin həllində önəmini qeyd edib.
Sahibkarları təbrik edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevbildirib ki,dövlət başçısının “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında Sərəncamı sahibkarların respublikamızın sosial-iqtisadi inkişafında, həmçinin əmək resurslarının səmərəli məşğulluğunun təminatında fəal iştirakına yüksək səviyyədə verilən önəmin növbəti ifadəsidir. Vurğulanıb ki, şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətləri sırasındadır. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, yeni iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub. Təsadüfi deyil ki, respublika iqtisadiyyatında məşğul əhalinin 70%-dən çoxunu qeyri-dövlət sektorunda çalışanlar təşkil edir.
Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri barədə məlumat verib.
Konfransda çıxış edən sahibkarlar, Azərbaycandakı Amerika Ticarət Palatasının, ATİB-in, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, “Sahibkarlar Günü”nün təsis edilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Konfrans çərçivəsində 16 sahibkarlıq subyektinə ümumi dəyəri 86,52 milyon manat olan investisiya layihələri üzrə investisiya təşviqi sənədi və 15 sahibkara ixracla bağlı 731,4 min manat həcmində geri ödəmə barədə məktub-sərəncamlar təqdim edilib.