- This event has passed.
“Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” mövzusunda konfrans keçirilmişdir
Oktyabr 27, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4
Oktyabrın 27-dəBakı Biznes Mərkəzində “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” mövzusunda Konfrans keçirilmişdir.
Tədbirdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son zamanlar imzalanmış müvafiq sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulamışdır. Sahibkarlara göstərilən qayğıya və davamlı dəstəyə görə sahibkarlar adından dövlət başçısına təşəkkür edən Məmməd Musayev bu qərarların ölkə ictimaiyyəti, eləcə də sahibkarlar tərəfindən yüksək razılıqla qarşılandığını bildirmişdir.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxışında özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu və bu sahənin daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulamışdır. Bunun nəticəsidir ki, özəl sektorun ÜDM-də payı 80%-i ötmüşdür. Dövlət başçısının 2014-cü ildə imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, görülmüş tədbirlər barədə məlumat verən Sahib Məmmədov bu siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu günlərdə imzalanmış “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanın sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsində, özəl sektorun inkişafında əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Fərmana uyğun olaraq, bütün xüsusi razılıqlar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində veriləcək. Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır. Eyni zamanda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, “ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir. Bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbuluna başlanılacaq. Növbəti mərhələdə isə yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlanılması nəzərdə tutulur. Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyə əsasən lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edirik. Yaxın aylarda həmçinin, “Elektron lisenziya” portalı istifadəyə veriləcək və bununla da, sahibkarlara lisenziyaların və digər sənədlərin verilməsi prosesi tamamilə elektronlaşdırılacaqdır.
Sahib Məmmədov sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsikimi tədbirlərin də özəl bölməyə dövlət dəstəyi tədbirlərindən olduğunu və ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulamışdır.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında bazar iqtisadiyyatının təməl prinsiplərinə uyğun olaraq, ölkədə davamlı olaraq institusional islahatların həyata keçirildiyini, iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında bu islahatların böyük rol oynadığını qeyd etmişdir. Bildirilmişdir ki, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən 2015-ci ilin 1 noyabr tarixindən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair qəbul edilmiş Qanun ölkədə sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək, qanunsuz müdaxilələrin aradan qaldırılmasına xidmət edəcəkdir.
Konfransda çıxış edən sahibkarlar Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini qeyd etmiş, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşıladıqlarını bildirmiş, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin sonunda konfransda iştirak edən sahibkarlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər. Müraciətdə dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də dövlət başçısının lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması və gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi barədə fərmanları sahibkarlığın inkişafı baxımından inqilabi addım kimi qiymətləndirilmiş, sahibkarlara göstərdiyi qayğıya və davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq bildirilmişdir.