skip to Main Content

Azərbaycanda peşə təhsili Avropa İttifaqının maraq dairəsindədir

Azərbaycanda Peşə Təhsili Avropa İttifaqının Maraq Dairəsindədir

“Avropa İttifaqının Azərbaycanda peşə təhsili və təlimlərinə dəstəyi” layihəsinin rəhbəri Herman Sonneveld Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında işəgötürənlərin peşə təhsilinə marağı və bu sahədə mövcud  vəziyyəti müzakirə edib.

Görüş zamanı Azərbaycan  Sahibkarlar Konfederasiyasının  vitse prezidenti Vüqar Zeynalov  bildirib ki, Azərbaycanda aparılan islahatların mühüm bir istiqaməti olan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası baxımından  ölkəmizdə peşə təhsilinin özəl sektorla birgə əlaqəsi son illər  işəgötürənlərin xüsusilə marağındadır.  Özəl sektorla peşə təhsili arasında əlaqələrin bərpa olunması, bazarın tələblərinə uyğun kadrların hazırlanması  və s. kimi məsələlər də Azərbaycan Sahibkarlar Konfederasiyasının əsas prioritetlərindən hesab olunur. Ölkə prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində peşə təhsili ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyən olunub. Odur ki, bu sahənin iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə çatdırılması Konfederasiyanın da üzərinə  böyük öhdəliklər qoyur. Bu səbəbdən də Azərbaycan Sahibkarlar Konfederasiyası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Azərbaycan Sahibkarlar Konfederasiyası  bugünədək bir sıra peşə yönümlü layihələrin həyata keçirilməsində də aktiv iştirak edib. Daha çox Alman təcrübəsindən yararlanmağa üstünlük verildiyini deyən Vüqar Zeynalov bildirib ki, Cənubi Qafqazda məşğulluq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası2016-2018-ci illəri əhatə edən “Peşə təhsilinin inkişafı” layihəsini həyata keçirir. Həmçinin digər layihələrin həyata keçirilməsində də yaxından iştirak etməkdə maraqlıdır.

“Avropa İttifaqının Azərbaycanda peşə təhsili və təlimlərinə dəstəyi” layihəsinin rəhbəri Herman Sonneveld icra etdikləri layihə haqqında ətraflı məlumat verib. Bildirib  ki, 4 istiqamət üzrə fəaliyyət göstərən layihəyə cari ilin yanvar ayından start verilib.Azərbaycan Sahibkarlar Konfederasiyası ilə də əməkdaşlıq etmək istədiklərini dilə gətirən qonaq 2019-cu ilin oktyabrınadək davam edəcək “Avropa İttifaqının Azərbaycanda peşə təhsili və təlimlərinə dəstəyi” layihəsinin ölkəmizdə bu sahənin inkişafına tövhə verəcəyini də istisna etməyib.

Görüşün sonunda  gələcəkdə birgə əməkdaşlığın həyata keçirilməsi  razılığına gəlinib.

 

Back To Top