skip to Main Content

“Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib

“Gömrük Və Sahibkarlıq” Mövzusunda Görüş Keçirilib

İyunun 21-də Bakı şəhərində iş adamları ilə “Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib.

Tədbiri Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası birgə təşkil edib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət başçısı İlham Əliyev tərəfindən bütün sahələrdə mütərəqqi islahatların aparıldığını və bu islahatlarda məqsədin sahibkarlıq mühitinin yaxşılaşdırılması, iş adamlarına münbit şəraitin yaradılması olduğunu bildirib. Gömrük sahəsində bu islahatların uğurla həyata keçirildiyini və konkret nəticələrin əldə olunduğunu qeyd edən Məmməd Musayev, sahibkarliq subyektlərinin də bu islahatlarin səmərəliliyinin artırılmasına töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait, strateji yol xəritələri, yerli istehsalın artırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanda özəl sektora diqqət və qayğının nəticəsidir.

Səfər Mehdiyev diqqətə çatdırıb ki, 2016-cı ildən etibarən gömrük orqanlarında islahatların aparılması istiqamətində dövlət başçısının tapşırıqlarından irəli gələn müəyyən işlər görülüb. Hazırda idxal-ixrac əməliyyatlarının, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə işlər davam etdirilir. Sahibkarlığın inkişafında gömrük xidmətinin də mühüm rol oynadığını deyən Komitə sədri, bununla əlaqədar son vaxtlar iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlərin keçirildiyini, sahibkarların rəy və təkliflərinin öyrənildiyini bildirib.

Qeyd edilib ki, istər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.

DGK sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin gömrük xidməti qarşısında qoyduğu vacib tapşırıqların ən birincisi sahibkarların yanında olmaq – tam şəffaflığın təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsidir. “Sahibkarlardan xahişim budur ki, onları narahat edən məqamları rəsmi və qeyri-rəsmi şəkildə bildirsinlər” – deyən Komitə sədri, sahibkarlar və gömrük xidməti arasında işgüzar əməkdaşlığın budan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Gömrük orqanlarının hər zaman sahibkarların yanında olduğunu diqqətə çatdıran Komitə sədri, islahatların sürətlə davam etdiriləcəyini və gömrüklə bağlı bütün porblemlərin qarşılıqlı şəkildə müzakirə edilərək qısa zaman kəsiyində aradan qaldırılacağını söyləyib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkədə həyata keçirilən islahatların mahiyyətindən danışıb və gömrük sistemində bu istiqamətdə, xüsusilə şəffaflığın artırılması məqsədilə atılan addımların həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını, son aylarda gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artmasının da bu çərçivədə görülən məqsədyönlü işlərin uğurlu nəticəsi olduğunu bildirib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi sistemin davamlılığının təmin olunması və qorunmasında gömrük orqanlarının mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, son dövr gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin də yaxşılaşdırılması və biznes mühitinin inkişafında mühüm rol oynayıb. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsinin formalaşdığını vurğulayan nazir müavini, sahibkarlıq subyektləri ilə səmərəli dialoqun qurulması, şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, rüsumların azaldılması və qanunvericiliyin ardıcıl olaraq təkmilləşdirilməsinin sahibkarlığın inkişafına təsir göstərən mühüm amillər olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbirdə çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev imzalayıblar.

Back To Top