Dövlət vəsaiti hesabına malların (iş və xidmətlərin) satın alan təşkilatların nəzərinə!
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə minir. Satınalma müqaviləsi ilə tender qalibinin üzərinə qoyulan öhdəliklər tenderin əsas şərtlər toplusunda göstərilməmiş müddəalar və şərtlər hesabına artırıla bilməz.
Satınalma müqaviləsini imzalayarkən satınalan təşkilat malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətlərini və meyarlarını dəyişdirməmək şərtilə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb – azalda bilər.
Tenderdə qalib gəlmiş podratçılar satınalan təşkilatın razılığı və tenderin əsas şərtlər toplusunda nəzərdə tutulması şərtilə işin icrası üçün subpodratçılarla müqavilə imzalaya bilər. Bütün digər hallarda satınalan təşkilatın yazılı icazəsi olmadan müqavilənin icrası subpodratçı təşkilatlara həvalə edilə bilməz.
Tenderin əsas şərtlər toplusunda satınalma müqaviləsinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulmuşdursa, müqavilə həmin orqanın təsdiqinədək qüvvəyə minmir. Tender təklifinin akseptinə dair bildiriş göndərildikdən sonra belə təsdiq üçün tələb olunan təqribi müddət tenderin əsas şərtlər toplusunda göstərilir.
Satınalma müqaviləsi qüvvəyə mindikdən və əgər tələb olunarsa, malgöndərən (podratçı) müqavilənin icrası üçün təminat təqdim etdikdən sonra həmin müqavilə barədə digər malgöndərənlərə (podratçılara) bildiriş göndərilir. Bildirişdə müqaviləni bağlamış malgöndərənin (podratçının) adı, ünvanı və müqavilənin qiyməti göstərilir.
Satınalma müqaviləsində tərəflərin götürdükləri öhdəliklərin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi üçün məsuliyyəti, cərimələr, təminatlar, mübahisələrin həlli qaydası (tenderin əsas şərtlər toplusunda və normativ hüquqi aktlarda nəzərdə tutulubsa), işin başlanması və qurtarması müddətinin uzadılmasına əsas verən hallar və bunun şərtləri göstərilməlidir.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar (əlaqə telefonları: 498-15-01 və 498-15-04).