Azərbaycan Sahibkarlar Konfederasiyasında Beynəlxalq Biznes Forumunun rəhbərliyi ilə görüş keçirilib
İyulun 7-də Azərbaycan Sahibkarlar Konfederasiyasında Beynəlxalq Biznes Forumunun (İnternational Business Forum – İBF) rəhbəri və MÜSİAD-ın qurucu prezidenti Erol Yararın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyasın prezidenti Məmməd Musayev qardaş ölkədən olan nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sektorları üzrə yüksək əməkdaşlığın mövcudluğunu vurğulayaraq hər iki ölkə rəhbərləri arasında dostluq və qardaşlığın iqtisadi əməkdaşlığa çox müsbət təsir göstərdiyini bildirdi. Görüş zamanı ölkəmizdəki biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının strukturu və üzv tərkibi haqqında qonaqlara ətraflı məlumat verdi.
Erol Yarar İBF-in il ərzində biri İstanbulda, digəri isə Türkiyədən kənarda olmaqla 2 əsas, böyük biznes forumu keçirdiyini vurğulayaraq, İBF 25-ci Forumunun bu il Bakıda keçiriləcəyini qeyd etdi. E.Yarar bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İBF arasında 25-ci İBF-in Forumunun Bakıda keçirilməsinə dair Anlaşma Memorandumunun imzalandığını bildirdi. Forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. Qeyd olunan Foruma xaricdən və Azərbaycandan 1500-dən artıq iş adamının qatılacağı planlaşdırılır.
Erol Yarar eyni zamanda Türkiyə iş adamlarının Azərbaycanda gələcək fəaliyyəti üçün 5 strateji sektorun nəzərdə tutulduğunu və bunlardan dördünün – turizm, kənd təsərrüfatı, qida sənayesi, səhiyyə sahəsi olduğunu bildirdi.
Görüş qarşlıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edərək, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Beynəlxalq Biznes Forumu arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.