skip to Main Content

“Femida dialoq platforması” üzərində sahibkarlarla görüş keçirildi

“Femida Dialoq Platforması” üzərində Sahibkarlarla Görüş Keçirildi

İyulun 14-də məhkəmə hüquq islahatları və bu sahədə çağırışlar “Femida dialoq platforması”nda müzakirə edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliynin (KOBİA) tərəfdaşlığı çərçivəsində sahibkarlarla görüşdə kommersiya mübahisələrinin məhkəmə yolu ilə həlli, mediasiya və arbitraj kimi alternativ həll mexanizmləri, sahibkarların məhkəmələrdən gözləntiləri və digər  məsələlərə toxunulub.

Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Məhkəmə Hüquq Şurasının nümayəndələri, hakimlər və müxtəlif sektorları təmsil edən sahibkarlar iştirak ediblər.

Tədbiri açan Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natavan Məmmədova bildirib ki, 2019-cu ildə cənab İlham Əliyevin imzaladığı “Məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi” ilə bağlı fərman məhkəmə sistemində aparılan islahatların keyfiyyətcə yeni bir mərhələyə keçməsinin əsasını qoyub. Bu fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısına qoyulan məsələlər – Arbitraj və kommersiya işlərinə baxılması keyfiyyətinin artırılması ilə bağlı təkliflərini hazırlayaraq müvafiq şəkildə hökumətə təqdim edib.

“Hesab edirik ki, fərmandan irəli gələn islahatlar nəticəsində inzibati və iqtisad məhkəmələrinin ayrılması, mübahisələrin alternativ həlli üçün Mediasiya institutunun yaradılması “Mülki-prosessual məcəllə”yə müvafiq dəyişikliklərin edilməsi sahibkarların məhkəmə mübahisələrinin həllində böyük irəliləyişlərə səbəb oldu”, – deyə Baş  katib vurğulayıb. O, “Femida Dialoq Platforması” çərçivəsində üçüncü görüşün məhz sahibkarlarla keçirilməsini dövlətimizin sahibkarlığın inkişafına verdiyi böyük önəmin təcəssümü olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimov çıxışında bildirib ki, dünya təcrübəsinin müstəqil və qərəzsiz məhkəmə sisteminin ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafında və böyük bizneslərin formalaşmasında önəmli rolu vardır. “Müstəqil və səmərəli məhkəmə sistemi ölkəyə həm daxildən həm də xaricdən investisiyalar cəlb edilməsinə zəmin yaradır və ölkədə sahibkarlığı stimullaşdırır. Məhz bu səbəbdən də Azərbaycanda məhkəmə islahatları daim dövlətin diqqət mərkəzində olub. Ali Məhkəmə bu məhkəmə islahatlarının mərkəzində yer alır”- deyə İnam Kərimov vurğulayıb.

Ali Məhkəmənin sədri bildirib ki, bugün dünyamız sürətlə inkişaf edir, texnologiyaların bütün sahələrdə tətbiqi genişlənir, yeni hüquq münasibətləri meydana çıxır. Biznes mühitində rəqabətə davamlılıq getdikcə daha da çətinləşir. Mövcud problemlərin əvvəlkindən daha çevik həlli tələb olunur.  Həm dövlətlər, həm də sahibkarlar yeni çağırışlarla üzləşirlər. Bu çağırışlara cavab vermək üçün ən uğurlu yol birgə əməkdaşlıq, birgə dialoqdur.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxışı zamanı azad sahibkarlıq hüququnun təmini və sahibkarların pozulmuş hüquqlarının bərpası məsələləri, sahibkarlıq fəaliyyəti zamanı insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin Ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərini təşkil etdiyinə diqqət çəkib. “Ötən dövr ərzində normativ hüquqi akt layihələrinə dair təqdim etdiyimiz bir çox rəy və təkliflər nəzərə alınmışdır ki, bu da müvafiq sahələr üzrə boşluqların aradan qaldırılmasına, funksional və normativ problemlərin həllinə imkan verib. Sadalanan istiqamətlər üzrə fəaliyyətimizi dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar, habelə özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçiririk. Azərbaycan Sahibkarlar Konfederasiyası və KOBİA ilə əməkdaşlıq bu baxımdan xüsusi önəm kəsb edir”, – deyə Ombudsman bildirib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Kiçik və Orta Biznes subyektlərinin qanuni maraqlarının müdafiəsinin Agentliyin fəaliyyət istiqamətlərindən olduğunu, bu baxımdan məhkəmə icraatının effektivliyinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirilib ki, Agentliyə daxil olan müraciətlər arasında məhkəmə icraatında olan müraciətlər də var və son zamanlar belə müraciətlərin sayında azalmanın müşahidə edilməsi müsbət tendensiya kimi qiymətləndirilə bilər. Hazırda ölkəmizdə tətbiq olunan alternativ hüquqi həll mexanizmlərindən olan mediasiya institutunun fəaliyyəti müsbətdir. Agentlik sahibkarların mübahisəli məsələlərinin məhkəməyə getmədən həllinə töhfə verən bu mexanizmin daha geniş tətbiqinə dəstək üçün “Bakı KOB evi”ndə mediasiya üçün ayrıca görüş otaqları ayırıb. Gələcəkdə təşkil ediləcək digər KOB evlərində də mediasiya otaqlarının yaradılması planlaşdırılır. Ölkəmizdə arbitraj institutunun tətbiqi xarici investorların Azərbaycana daha çox cəlb edilməsi üçün müsbət amil ola bilər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Femida Dialoq Platforması” çərçivəsində növbəti dialoqun sahibkarlarla keçirilməsinin məhkəmə-hüquq sisteminin sahibkarlara və özəl biznesə olan müsbət münasibətinin göstəricisi, eləcə də dövlət-özəl dialoqunun ayrılmaz hissəsi olduğunu vurğulayaraq, sahibkarlarla bu görüşün təşkilinə görə Ali Məhkəmə sədri İnam Kərimova öz təşəkkürünü bildirdi.

Konfederasiya Prezidenti qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl islahatlar həyata keçirilir. Bugün ölkəmiz iqtisadi inkişaf, azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri və müasir texnologiyaların tətbiq edilməsi ilə dünyanın diqqət mərkəzindədir.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımların tərkib hissəsi kimi məhkəmə hüquq sistemində aparılan islahatlar sahibkarlığın inkişafı baxımından kifayət qədər önəmlidir.

Məlum olduğu kimi mübahisələrin alternativ həlli üçün Mediasiya institutu yaradıldı, məhkəmələrin elektronlaşdırılması həyata keçirildi və məhkəmə hüquq sistemində işlərə baxılması qaydaları sadələşdirilməklə bərabər, operativləşməsi də təmin edildi.

M.Musayev, dialoqun nəticəsi olaraq sahibkarların məhkəmə sistemində qarşılaşdıqları çətinliklərin həlli ilə bağlı çevik qərarlar qəbul ediləcəyinə və bu əməkdaşlığın daimi olacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxışında açıq dialoq formatında keçirilən bu görüşlərin faydalı və səmərəli olduğunu qeyd edərək, vurğuladı ki, “Bugün qaldırılan məsələlərin Ali Məhkəmənin geniş tərkibli heyəti tərəfindən dinlənilməsi çox əhmiyyətlidir. Biz məhkəmə sistemində yaranan məsələlərə daha sistemli yanaşmalıyıq və əsaslandırılmış formada, işgüzar qaydada öz təkliflərimizi Ali Məhkəməyə təqdim etməliyik”.

Sonra biznes ictimaiyyətin əsas gözləntiləri ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyanın baş katibinin müavini Xəqan Hümmətzadə və Məhkəmə hüquq islahatları, bu sahədəki yeni çağırışlar mövzusunda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva təqdimatla çıxış etdilər.

Tədbir qarşılıqlı dialoq və müzakirələrlə işini yekunlaşdırdı.

Back To Top