skip to Main Content

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış konfransı keçirilib

Heydər Əliyevin 100 Illik Yubileyinə Həsr Olunmuş Güclü Iqtisadiyyat üçün Azərbaycanda Peşə Təhsilinin Inkişaf Yolu: Gələcəyə Baxış Konfransı Keçirilib

13 dekabr tarixində Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış konfransı keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri həmçinin peşə təhsili və təlimi sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin əhatəliliyinin artırılması, adambaşına maliyyələşməyə keçid, yeni peşə təhsili müəssisələrinin tikilməsi və proqramların hazırlanması məsələlərindən danışıb. Nazir bildirib ki, 12 000 tələbənin adambaşına maliyyələşməyə keçidini növbəti 3 il ərzində təmin etmək planlaşdırılıb.

İşğaldan azad olunmuş ərazilərdə səkkiz yeni peşə təhsili müəssisəsinin tikilməsinin nəzərdə tutulduğundan da danışan elm və təhsil naziri əlavə edib ki, Füzuli şəhərində yeni müəssisənin bünövrəsi qoyulub və tikintisinə başlanılıb, həmçinin Şuşa şəhərində peşə təhsilinin yenidən qurulması prosesinə start verilib. Bundan əlavə, Qarabağ Universitetinin tərkibində Xankəndi şəhərində də bir peşə təhsili müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderatoru olduğu “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” adlı açılış panelində elm və təhsil nazirinin müavini İdris İsayev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxış ediblər. Müzakirədə iştirak edən natiqlər işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesinin bütün sahələrə olduğu kimi peşə təhsili və təlimi prosesinə də yeni impuls qazandırdığını qeyd ediblər.

Konfransın ikinci paneli “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər” mövzusuna həsr olunub. Panel çərçivəsində keçirilən müzakirələrdə texnoloji inkişafın əmək bazarının dinamikasına təsir etdiyi və bu sahədə yeni imkanlar yarandığı vurğulanıb.

Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: sənayenin yeni bacarıq və səriştə ehtiyacları adlı üçüncü panel müzakirə nəqliyyat sahəsində fəaliyyət göstərən ən böyük işəgötürən qurumların təmsilçilərinin iştirakı ilə baş tutub. Natiqlər şərq-qərb, şimal-cənub istiqamətlərində yeni nəqliyyat mərkəzinə çevrilən Azərbaycanda bu istiqamətdə yeni çağırışlar əsasında kadr hazırlığının olduqca əhəmiyyətli olduğuna diqqət çəkiblər.

Konfransın sonuncu paneli isə real sektorun kadr ehtiyaclarına həsr edilib. Panel Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədovanın moderatorluğu ilə keçirilib. Çıxış edən və turizm, qida emalı, kənd təsərrüfatı və enerji kimi bir çox əhəmiyyətli sahələri təmsil edən işəgötürən qurumların nümayəndələri peşə təhsilli kadrlara ehtiyacın artdığını qeyd ediblər.

Konfrans zamanı həmçinin auditoriyanı maraqlandıran suallar da çıxışçılar tərəfindən cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək, bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəfləri bir araya gətirərək faydalı müzakirələr təşkil etmək olub.

Back To Top