skip to Main Content

Peşə təhsilində dövlət-özəl əməkdaşlığı müzakirə edildi

Peşə Təhsilində Dövlət-özəl əməkdaşlığı Müzakirə Edildi

Dekabrın 25-də  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Yeni dövr peşə təhsili: təhsil və iqtisadiyyatın vəhdəti” mövzusunda görüş keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgotürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə dövlət-özəl dialoqu formatında həyata keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən biznes nümayəndələri iştirak edib.

Tədbirdə sahibkarlara peşə təhsili sahəsində aparılan islahatlar barədə məlumat verilib, daha sonra sahibkarların peşə ehtiyacları, peşə hazırlığı sahəsində dövlətlə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Hazırki formatda dialoqun təhsil sistemi ilə özəl sektor arasında faydalı əməkdaşlığın qurulmasında ən vacib komponentlərdən birinə çevrilməsi tədbir iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

Tədbirdə özəl sektor nümayəndələri əmək bazarının yeni tələbləri, bu şəraitdə işçi heyətinin bacarıqlarının artırılması ehtiyacları, müxtəlif ixtisaslar üzrə kadr çatışmazlığı, bu sahədə üzləşdikləri çətinliklər, dövlət peşə təhsili müəssisələri ilə əməkdaşlıq imkanları və zəruri dövlət dəstəyi barədə təkliflərini səsləndiriblər.

Tədbirin yekununda dövlət-özəl dialoqunun vacibliyi nəzərə alınmaqla, peşə hazırlığı prosesində peşə təhsili müəssisələri ilə əməkdaşlığın sektoral formatda daha konkret mövzular ətrafında aparılması təklif edilib.

Ölkə iqtisadiyyatı qarşısındakı yeni çağırışlar nəzərə alınmaqla, sahibkarların peşə təhsili müəssisələri ilə əməkdaşlığının artırılması, bu məqsədlə cari dialoq formatında görüşlərin davamlı keçirilməsi nəzərdə tutulub.

Tədbir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya ilə davam edib.

Back To Top