skip to Main Content

“COP29 Təşkilat Komitəsi”ndə Azərbaycan Sahibkarlar Konfederasiyası özəl sektoru təmsil edir

“COP29 Təşkilat Komitəsi”ndə Azərbaycan Sahibkarlar Konfederasiyası özəl Sektoru Təmsil Edir

Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası olub. İclası açan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev dövlətimizin başçısının sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişləndirildiyini, Milli Məclisin deputatlarının və Vətəndaş Cəmiyyətinin təmsilçiliyi ilə inklüzivliyin təmin olunduğunu diqqətə çatdırıb və ilk iclasdan keçən dövr ərzində görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, iqtisadiyyatın dayanıqlı inkişafı üçün ölkədə aparılan işlər arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi xüsusi uğur kimi qiymətləndirilir. Cənab Prezidentin Sərəncamı ilə Təşkilatda özəl sektoru Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təmsil edir və baş katib xanım Natəvan Məmmədova Təşkilat Komitəsinin tərkibinə daxil edilib.
Təsadüfi deyil ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və risklərin, məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması müasir dünyanın ən mühüm çağırışlarından biridir. Bu dayanıqlı inkişaf üçün mühüm alətlərdən hesab olunur və əsas məqsədi müvafiq investisiya mühitinin təkmilləşdirilməsi yolu ilə bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılmasından ibarətdir.
Bundan əvvəlki tədbir – COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. Sayca 29-cu olacaq Bakıdakı tədbirin bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Ümumiyyətlə, COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.
Təsadüfi deyildir ki, ölkə başçısının sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İqtisadiyyat Nazirliyi, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilməyi ölkəmizin iqtisadi siyasətinin prioritetləri sırasına daxil edib. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 30 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
“Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib.
Bu hədəflərə nail olunmasında isə özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür və Azərbaycan sahibkarlar Konfederasiyası bu missiyanı uğurla icra etməkdə biznesə dəstək verməyə hazırdır.

Back To Top