skip to Main Content

Danimarkanın Türkiyədəki səfiri ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında “yaşıl enerji”yə keçid müzakirə edildi

Danimarkanın Türkiyədəki Səfiri Ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında “yaşıl Enerji”yə Keçid Müzakirə Edildi

Martın 12-də Danimarkanın Türkiyədəki səfiri Danni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) görüş keçirilib.
Görüşdə iştirak edən Konfederasiyanın Baş katibi Natəvan Məmmədova ASK-nın fəaliyyət dairəsi və üzvləri barədə məlumat verib. Ölkəmizdə dövlət-özəl dialoqunun inkişaf etdiyini, biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlara toxunub.
Səfir ölkəsinin Avropada keyfiyyətli təhsil və yaşıl enerjiyə keçid sahəsində liderlərdən olduğunu qeyd edib. Bildirib ki, hazırda Danimarka enerjiyə olan ehtiyacının 70%-ni bərpa olunan enerji mənbələri hesabına formalaşdırır. Hətta Danimarka yaşıl enerji ixracatçısı kimi tanınır. Danni Annan “COP-29” çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının keçirəcəyi tədbirlərlə də maraqlanıb.
Baş katib Azərbaycanda keçirilməsi planlaşdırılan Dayanıqlı Kənd Təsərrüfatı Forumu haqqında məlumat verib. Eyni zamanda, Qarabağda və Naxçıvanda investisiya mühiti ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb. Baş katibin müavini Fuad Hümbətov Azərbaycan Sahibkarlar Konfederasiyasının Danimarkada nümayəndəsinin olduğunu və onun fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb.
Sonra COP-29 çərçivəsində Danimarkanın ölkəmizdəki pavilyonu və “yaşıl enerjiyə” keçid prosesində özəl sektorun iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Back To Top