skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşmüşdür

Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti  Gürcüstanın ölkəmizdəki Səfiri Ilə Görüşmüşdür

Bu il martın 5-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşmüşdür.

Azərbaycanla Gürcüstan arasında münasibətlərin həmişə yüksək səviyyədə olduğunu vurğulayan ASK prezidenti M.Musayev, Ümummilli lider Heydər Əliyevin müdrik qərarı ilə Bakı-Tiflis-Ceyhan neft-boru kəmərinin və sonradan Prezident İlham Əliyevin əldə etdiyi razılaşmaya əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstandan keçməsi sayəsində ölkələrimiz arasında iqtisadi bağların daha da möhkəmləndiyini bildirdi. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini xatırladan M.Musayev azərbaycanlı iş adamlarının Gürcüstanda böyük investisiyalar yatırdıqlarını da vurğulamışdır.

Gürcüstanın ölkəmizdəki səfiri bildirdi ki, Gürcüstan və Azərbaycan arasında gələcəkdə də iqtisadi münasibətlərin yüksələn xətlə inkişafı üçün mövcud imkanlardan istifadə edilməlidir.

Daha sonra səfir bu yaxınlarda Gürcüstanın baş nazirinin Azərbaycana işgüzar səfərinin planlaşdırıldığını bildirmiş, Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini Konfederasiya prezidentinə təklif etmişdir.

M.Musayev bu yaxınlarda Gürcüstanda çalışan azərbaycanlı iş adamlarının təşkilatı olan AZEBİ ilə ASK arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırlatmışdır. O, Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək, hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forum keçirməsini təklif etmişdir.

Səfir bu təklifi razılıqla qarşılayaraq, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı öz təklflərini irəli sürmüşdür.

Görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli biznes forumunun keçirilməsi üçün təşkilatı məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Back To Top