- This event has passed.
Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə “Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlim keçirilib
Dekabr 19, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
Cari ilin 11-14 dekabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva ofisinin, Beynəlxalq İşəgötürənlər Təşkilatının texniki dəstəyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən əməyin mühafizəsi mütəxəssisləri üçün “Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlim təşkil edilmişdir. Təlimə 20-dən çox iştirakçı qatılıb.
Beynəlxalq Əmək Təşkilatının əməyin mühafizəsi sahəsində təcrübəli ekspertləri Xorxe İllinvort və R.Litvyakov tərəfindən aparılan təlimdə iştirakçılar əməyin mühafizəsinin təşkilinə dair bilik və bacarıqlarını artırmışlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası mütəmadi olaraq Azərbaycan işəgötürənləri üçün müvafiq sahələr üzrə işçilərin səriştələrinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlər həyata keçirir.
Əməyin mühafizəsi qanunvericiliklə tənzimlənən, işçi-işəgötürən münasibətlərində çox önəmli yer tutan, istehsalatda bədbəxt hadisələrin və qəzaların profilaktikasında həlledici mövqeyə malik bir sahədir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. Əməyin mühafizəsi üzrə mütəxəssislərin, mühəndislərin səriştələrinin, bilik və bacarıqlarının artırılması işəgötürənlərin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə əmək mühafizəsi mütəxəssislərinin “Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlimini həyata keçirmişdir. Təlim ilkin mərhələdə 4 həftəlik distant tədrisi və imtahanı, 4 günlük əyani intensiv təlimi və öyrənilmiş material əsasında imtahanı əhatə etmişdir. Təlimi müvəffəqiyyətlə başa vuran şəxslərə ilin sonunadək BƏT tərəfindən beynəlxalq təlimçi sertifikatlarının təqdim edilməsi nəzərdə tutulur. Bu şəxslər gələcəkdə öz iş yerlərində və ya müxtəlif platformalarda bu sahə üzrə təlim keçə bilmək, monitorinq apara bilmək imkanlarına malik olacaqlar.
Təlim həm işəgötürənlər, həm də orada iştirak edən mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Konfederasiya beynəlxalq təlimçi sertifikatını qazanacaq şəxslərlə gələcəkdə də əməkdaşlıq etməyi nəzərdə tutur.